Bakıda bu avtobus sürücüsünə "dur" deyən olacaq?

3 Noyabr 2014 00:35
Bakıda sərnişin avtobuslarının sürücülərinin özbaşınalıqlarından bəhs etməkdən biz yorulduq, amma sükanı özünün şəxsi əmlakı hesab edən sürücülər usanmadı
İş o yerə çatıb ki, sərnişin avtobusu müəyyən olunmuş marşrutla hərəkət etmək əvəzinə, sürücünün ağlı kəssən yolla sürülür və sərnişinlər də mənzil başına piyada və ya marşurut dəyişməklə getmək məcburiyyətində qalırlar.

Ötən gün oxucularımızdan biri Milli.Az-a şikayət məktubu ünvanlayaraq bildirib ki, 61 saylı marşrut üzrə hərəkət edən 10-TH-152 dövlət nömrə nişanlı sərnişin nəqliyyatı dayanacaqlardan yan keçir, sərnişinləri götürmür: "Əsasən də, "Çıraq plaza"nın yanındakı dayanacaqda saxlamır".

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Şəfa Mehmanqızı Milli.Az-a bildirdi ki, kameralar vasitəsi ilə həmin avtobusun hansı dayanacaqda saxlamadığını daha da dəqiqləşdirib "Bakı Sərnişin Nəqliyyat" Departamentinə bildiriləcək.

"Əgər sürücü marşrut xəttini dəyişərsə və yaxud da dayanacaqdan yan keçərsə, o zaman kameralarla izlənilib həmin avtobusun dövlət nömrə nişanı götürülür.

Bundan sonra vətəndaşların şikayəti bir yerə toplanılıb göndərilir "Bakı Sərnişin Nəqliyyat" Departamenti və Dövlət Avtomobil Nəqliyyatına.

Həmçinin sözügedən avtobusun da dövlət nömrə nişanı götürülüb göndəriləcək lazımi qurumlara.

Bir neçə həftədən sonra isə həmin sürücünün necə cəzalandırılacağı bilinəcək", - Şəfa Mehmanqızı deyib.

Ceyhun Ələkbərov
Milli.Az