Dünyanın ən böyük filosofları: Epikür
1 Noyabr 2014 21:55
"Epikürün müşahidələrinə əsasən, xoşbəxtlik və sevgi (evlilik) dəmək olar, heç zaman uyuşmurlar. Sevgidə həddən artıq qısqanclıq, qarşılıqlı anlaşılmazlıq və ağrı-acılar var. Seks hər zaman mürəkkəb bir şey olduğu üçün sevgi ilə heç zaman harmoniya içində olmur. Bu səbəbdən Epikür məsləhət bilirdi ki, sevgi münasibətinə çox da inanmayaq".
Həqiqi dostluq, puldan uzaq dünya və daxili rahatlıq haqqında
Qədim yunan filosofu Epikür (ing: Epicurus) bizim eradan əvvəl 341-ci ildə, indiki Türkiyə ərazisindən bir neçə mil uzaqda yerləşən Samos adasında dünyaya gəlib. Qeyri-adi dərəcədə uzun saqqalı olan Epikür öz dövrünün ən məşhur filosoflarından biri olub. O, bütün həyatı boyu üç yüzdən çox kitab yazıb.
Epikür usanmadan, bezmədən yalnız bir mövzu haqqında yazıb: Xoşbəxtlikdən. Əvvələr filosoflar yaxşı insan olmağın yolları haqqında baş sındırırdılarsa, Epikür xoşbəxt olmağın sirrlərini öyrənməkdə israr edirdi.
Çox az filosof Epikür kimi onu maraqlandıran şeylər haqqında səmimi olub. Məsələn, Epikurün Xoşbəxtlik Məktəbi açdığını biləndə bir çoxları əsl şok yaşamışdı. İnsanlar o məktəbdə baş verənlər haqında çoxlu ağlasığmaz, heyrət doğuran əhvalatlar danışırdılar. Epikürlə arası dəymiş bir neçə şəxs məktəbin nüfuzuna zərbə vuran məlumatlar yayırdılar. Məsələn, Timokrates danışırdı ki, bir gün Epikür o qədər yeyib-içib ki, gün boyu iki dəfə qusmağa məcbur olub. Diotimus isə, onun özü Stoik idi, guya Epikürə məxsus olan əlli ədə seksual məzmunlu məktub yaymışdı. Diotimuz iddia edirdi ki, Epikür həmin məktubları içkili və şəhvətli anlarda öz tələbələrinə yazıb. Epikür haqqında bu kimi qeybətlər o qədər geniş yayıldı ki, indi muasir zamanda belə, bizlər dekandentliyi, ey-işrəti təsvir edərkən "Epikürizm" sözündən istifadə edirik.
Ancaq bu kimi assosiyasiyaların heç bir əsası yoxdur. Epikür haqqında deyilənlərin sensansiyalı tərəfi onun maraqlı tərəflərindən çox-çox azdır. Epikür doğurdan da xoşbəxtlik və həzz mövzularına fokuslanmışdı, amma onun bahalı yeməklərə və orgiyalara marağı yox idi. Cəmi iki dəyişik paltarı olan Epikür yalnız çörək və zeytunla qidalanır, arada - sağlamlıq üçün - nazik dilimlənmiş pendir yeyirdi. Böyük bir səbrlə xoşbəxtlik və həzz haqqında düşünən və yazan Epikür insanın xoşbəxt olmasının yolları haqında diqqətəlayiq, inqilabi nəticələrə gəlib çıxdı. Bu fikirlər o dövrdə olduğu kimi bu dövr üçün də aktuladır.
Epikürə görə insanlar xoşbəxtlik haqqında düşünərkən üç tipik səhv edirlər:
1. Biz düşünürük ki, bizim romantik münasibətlərə ehtiyacımız var
O zamanlar da, elə indi də, inanlar sevgi haqqında çox düşünür, onu həyatın yegənə probleminə çevirirdilər. Epikürün müşahidələrinə əsasən, xoşbəxtlik və sevgi (evlilik) dəmək olar, heç zaman uyuşmurlar. Sevgidə həddən artıq qısqanclıq, qarşılıqlı anlaşılmazlıq və ağrı-acılar var. Seks hər zaman mürəkkəb bir şey olduğu üçün sevgi ilə heç zaman harmoniya içində olmur. Bu səbəbdən Epikür məsləhət bilirdi ki, sevgi münasibətinə çox da inanmayaq. Bunun əksinə, dostluğu önə çəkərək onun faydası haqqında uzun-uzun yazırdı. Epikürə görə insanlar dostluqda daha nəzakətli və anlayışlıdırlar. Sevgidən fərqli olaraq, dostluqda məzəmmət, sahiblənmə duyğusu da yoxdur. Ancaq problem ondadır ki, biz dostlarımızı hər zaman görə bilmirik. Bizim dostlarımız bizdən uzaqda yaşayır, işlədiyimiz üçün onlarla keçirməyə vaxt tapa bilmirik. Daha önəmlisi, biz ailə modelini daha üstün tutduğumuz üçün dostluğun dəyərini anlamırıq.
2. Biz düşünürük ki, bizim çoxlu pula ehtiyacımız var
İndi olduğu kimi, o zamanlar da insanlar karyera, çoxlu pul qazanmaq və məşhurlaşmaq haqqında çox düşünür, bunları həyatlarının əsas qayələrinə çevirirdilər. Ancaq Epikür iş həyatının çətin tərəflərinə diqqətimizi çəkməyə çalışır: paxıllıq, bir-birinə quyu qazmaq, məyusluq yaradan ambissiyalar.
Epikür inanırdı ki, iş həyatında insan mənalı iş gördüyünü, dünyanı dəyişdirdiyi, onu daha da inkişaf etdirdiyi hissini duyması, başqalarına kömək etdiyi duyğusunu dadması ilə xoşbəxtlik yaşayır. Bunun üçün insan ya tək işləməli, ya da kiçik qruplarda çalışmalıdır. İnsanın istədiyi çoxlu pul və ya prestij deyil, insanın əsas arzusu əmək prosesində nəyisə yaratma, tamamlama duyğusunu hiss etməkdir.
3. Biz dəb-dəbəyə çox yatırım edirik
Biz dəb-dəbə arzusundan alışıb yanırıq: gözəl ev, eleqant otaqlar, xoş mənzərələr. Biz cənnəti andıran səyahətlər haqqında çoxlu xəyala dalırıq...
Ancaq Epikür bizim bu alışıb yanan arzularımızla razılaşmır. Epikür inanır ki, dəb-dəbə yalnız fondur, bizim əsas axtardığımız əslində hüzurdur. Ancaq hüzur mənzərəni və ya evi dəyişməklə əldə edilmir. Hüzur daxili keyfiyyətdir, bizim analizlərimizin nəticəsidir: insan hüzura öz daxili narahatçılıqlarını saf-çürük etməsi və onları düzgün anlamasından sonra qovuşur. Bunun üçün biz çoxlu oxumalı, yazmalı və ən önəmlisi, yaxşı bir dinləyicinin köməyindən daimi faydalanmalıyıq. Epikürün zamanında əgər belə adamlar filosoflar idisə, bizim zamanımızda psixo-terapevtlər bu rolu oynayır.
Xoşbəxtliyi analiz edən Epikür üç ciddi yeniliyə imza atır:
- Birinci, o qərara aldı ki, dostları ilə bir yerdə yaşasın. Dostlarını daim görmək, onlarla yanaşı yaşamaq üçün o Afinadan kənarda torpaq sahəsi alaraq ev tikir. Bu tikilidə hər kəsin ayrıca otağı olduğu kimi, hamının bölüşdüyü ümumi otaqlar da var idi. Bu yolla eyni dəyərləri paylaşan insanlar bir yerdə yaşayır və müxtəlif fəaliyyətlərlə, əyləncələrlə məşğul olurdular. Uşaqların tərbiyəsi ilə rotasiya qaydasında hamı məşğul olurdu. Hər kəs eyni yerdə yemək yeyir, axşamları isə dəhlizlərdə söhbətlər edirdilər. Bu dünyada yaxşı qurulmuş ilk kommuna idi.
- İkinci, kommunada heç kim digəri üçün işləmirdi. İnsanlar onları razı salan, rahatladan işlərlə məşğul olduqlarından gəlirlərindən tutulan vergilərlə razılaşmışdılar. Epikürün dostlarının bəziləri kənd təsərüffatı ilə, bəziləri yemək bişirmə ilə, bir neçəsi isə mebel düzəltmək və incəsənətlə məşğul olurdu. Onlar az pul qazansa da, gördükləri işlərindən daxili rahatlıq duyurdular.
- Və üçüncüsü, Epikürün dostları rasional analizlər və dərin düşüncələr sayəsində hüzura qovuşmağa çalışırdılar. Onlar gündəlik olaraq daxili narahatlıqları haqqında düşünür, psixoloji durumlarını anlamaq üçün özlərini inkişaf etdirir və fəlsəfənin dərin suallarına cavab axtarmaqla müdrik olmağa çalışırdılar.
Epikürün bu təcrübəsi bir çoxlarının diqqətini çəkmişdi. Onun minlərlə ardıcılları eyni tipli kommunaları Aralıq dənizi boyunca yaratmışdılar. Bu mərkəzlər əsrlərlə bir neçə nəslin yetişməsinə səbəb olmuşdu. Ancaq 5-ci əsrdə paxıl və aqressiv kilsə bu kommunaların həyatına son qoyur. Həmin kommunalar sonradan monastırlara çevrilsə də, öz mahiyyətlərini uzun müddət yaşadırlar.
Epikürün təsiri muasir dövrdə də davam edib. Məsələn, Epikür Karl Marksın ən sevimli filosofu idi, Marks öz doktorluq işini onun haqında yazmışdı. Bir az daha avtoritar və sevimsiz olsa da, bizim indi kommunizm adlandırdığımız ictimai-siyasi quruluş Epikurizmin daha böyük versiyasıdır.
Hətta indidinin özündə belə Epikürün fikirləri kapitalist cəmiyyətinin istehlakçı mahiyyətindən yayınmaq üçün ən yaxşı bələdçi kimi özünü göstərir. Çünki, reklam - bu sistemin bazisini məhz reklam təşkil edir - ağıllı bir formada insanların xoşbəxtlik haqqında düşüncələrini bulandırır, onları sərsəm duruma salır.
Demək olar əksər reklamçılar Epikürün xoşbəxtliyin illuziyası olaraq müəyyən etdiyi üç şeyi qabardır: romatik sevgi, karyera və dəb-dəbə.
Əgər reklamçılar bizim təməl ehtiyaclarımızı reklam etsəydilər, o zaman reklamın özü məhv olardı. Onlar bunu bildiklərindən bizə xoşbəxtliyin illuziyasını satmağa davam edirlər. Onlar bizi həyəcanlandıran arzulara sürükləyir, ancaq bununla bərabər bizi reklam etdikləri şeylərlə tam olaraq təmin etmirlər. Pivə reklamında biz qucaqlaşan dostları görürük, ancaq burda məqsəd bizə alkaqol satmaqdır, dostluq yaratmaq deyil. Reklamdan sonra biz pivəni alır, ancaq tək içirik. Bəzən görürsən reklamda yüksək statuslu professionalar eleqant ofislərdə iş görürlər. Bu reklam bizdə bu yükəsk statuslu işçi olmağın xəyalını qurmağa səbəb olur. Ancaq bizə işin ən vacib tərəfinin - daxili rahatlığımızı təmin etməli olduğunu - demir. Tropik çimərliklərin reklamı bizdə cənnət xəyalını yaradır, ancaq bizim həqiqi hüzura olan ehiyatcımızı qarşılamır.
Epikür bizim özümüz haqqında olan anlayışlarımızı dəyişməklə cəmiyyəti də dəyişdirməyə səsləyir. Biz əşyalara görə özümüzü ələk-vələk etməməliyik, çünki əşyalara sahiblənmək uğrunda yarışa girmiş insanlar sonda onlara sahib olsa da, axtardıqları hüzura çatmırlar. Biz fəlsəfəyə qayıtmalı, bizi həqiqi xoşbəxt edəcək şeylər haqqında ciddi-ciddi düşünməliyik.
Mənbə: Philosophers Mail
Tərcümə etdi: Emin Aslan
Kultura.az
Böyütmək üçün şəkillərə klikləyin.