Bu ölkə ikinci Suriyaya dönür

2 Noyabr 2014 19:58

Ərəbistan yarımadası regional gərginliyin yayılma təhlükəsi ilə üz-üzədir 

Yaxın Şərq gərginliyinin getdikcə genişlənməsi mənzərəsini Yəməndə yaşanan son hadisələrsiz təsəvvür etmək mümkün deyil. Ərəbistan yarımadasının cənub hissəsində yerləşən bu ölkə artıq 2 aydan artıqdır, faktiki olaraq şiə qiyamçıların nəzarətindədir.

Hazırkı Yəmən dövlətinin tarixi 25 ildən çox deyil. SSRİ ilə Qərb arasında "soyuq müharibə"nin yaşandığı dövrdə vaxtilə ingilislərin müdaxiləsi ilə Osmanlı İmperiyasından ayrılaraq, dövlətçiliyini quran Şimali Yəmən Səudiyyə Ərəbistanı ilə Misir arasında get-gəl edirdi. Üstəlik, bu dövlətlərin hər ikisi 1980-ci illərin əvvəllərində artıq Amerika siyasətinin nüfuz dairəsində idi və bu, Vaşinqtona Şimali Yəməndə vəziyyəti nəzarətdə saxlamaq imkanı verirdi. Yəmənin cənubu isə Sovet İttifaqının nüfuz dairəsinə aid idi. Lakin Yəmən "xalq demokratiyası"nın sosializm qurmaq cəhdləri SSRİ-nin dağılması ilə heç oldu.
 

Bundan sonra ölkənin Cənubu ilə Şimalı arasında dəfələrlə hərbi qarşıdurmalar yaşandı, sonda Moskvanın regionu tərk etməsi ilə "kapitalist" Yəməninin daha zəngin klanları cənubun "sosialist"lərini "uddu". Amma onlar arasında silahlı qarşıdurmalar vahid dövlətə çevrildikdən sonra da davam edirdi.
 

Buna baxmayaraq, Ərəbistan regionunda neft bumu erası başlayanadək cənublularla şimallılar arasındakı ziddiyyət açıq dini xarakter daşımırdı. O anadək Fars körfəzinin ərəb monarxiyaları faktiki olaraq yerli sələfi rejimlərini, yəni, radikal sünniləri özünə dayaq seçmiş Amerikanın nəzarəti altında idilər. Sonuncular isə qüdrətini artıran İrana cavab olaraq, öz ölkələrində şiələrin təqibinə başlamışdılar. Bu tendensiya birləşmiş Yəməndən də yan keçmədi.
 

Bununla yanaşı, şiələrə Ərəbistan yarımadasının əksər hissəsində azlıq sayılsalar da, kifayət qədər gücə malikdirlər. Bəhreyndə onlar sayca sünnilərdən çox olsalar da, bu ölkənin siyasi rəhbərliyinin sünnilərin əlində olmasına maneə deyil. Yəməndə isə əhalinin 45%-i özünü şiə sayır. Buna rəğmən, onlar siyasi və iqtisadi hakimiyyət bölgüsündən kənarda qalıblar. 2011-ci ildə baş vermiş "inqilab" nəticəsində devrilmiş prezident Əli Abdullah Saleh cəmi 1 il əvvəl ölkəsində "münaqişələrə birdəfəlik son qoyulduğunu" elan etmişdi. Amma Yəməndə son 3 ildə yaşananlar göstərir ki, dini, klanlararası və siyasi ziddiyyətlər burulğanında olan ölkə sonu görünməyən qeyri-sabitlik dövrünü yaşayır.
 

İndi yəməndaxili siyasətdə ön səhnəyə "Əl-Husi" ("Ansarullah", yəni, "Allahın köməkçiləri" adı ilə tanınır) təşkilatı çıxıb. 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərən bu silahlı şiə qruplaşması 2004-cü ildə lideri, özünü imam elan etmiş Əli Hüseyn əl-Husinin başçılığı ilə hökumət əleyhinə qiyam qaldırmışdı. Onlar qiyamda məqsədin Yəmən şiələrinin hüquqlarının bərpası olduğunu bildirirdilər. Sonuncular zəydi şiələrinə aiddirlər və ölkənin şimal hissəsində əhalinin əksəriyyətini təşkil edirlər.
 

Şimali Yəməndə antimonarxiya inqilabının baş verdiyi 1962-ci ilədək bu ərazidə, hətta zəydi imamlığı da olub. Lakin sünni tayfalarından ibarət koalisiya onları hakimiyyətdən kənarlaşdırıb və artıq yarım əsrdir ki, Yəmən şiələri asılı vəziyyətdə yaşayırlar.
 

"Əl-Husi" təşkilatının başladığı qiyamdan az sonra sonra qruplaşmanın rəhbəri Əli Hüseyni öldürülür. Qiyamçılara rəhbərlik onun qardaşı, özünü kifayət qədər zəkalı təşkilatçı kimi göstərə bilmiş Abdul Malikə keçir. Son illərdə özünü dinlərarası və sosial ədalətə nail olan qüvvə kimi göstərən "Əl-Husi" əhali arasında, ilk növbədə, Yəmən hakimiyyətinin və iqtisadi elitanın korrupsiyaya qurşanmasına olan etirazlardan yararlanaraq, siyasi və silahlı təşkilata çevrilə bilib. İndi onun ciddi idarəetmə mexanizmi də var. Əli Abdulla Saleh rejiminin devrilməsində də husilər (Abdul Malik tərəfdarları özlərini belə adlandırırlar) az rol oynamayıblar. Lakin sonradan onlar yenidən ikinci rolda qalıblar. Nəticədə, onlarla hökumət ordusu, həmçinin radikal islamçılar arasında ziddiyyət daha sərt xarakter alıb.
 

Son silahlı qarşıdurmalara bilavasitə səbəb olan amil isə Yəməndə yanacağın qiymətinin, təxminən, 2 dəfə artması olub. Husilər bahalaşmadan dərhal sonra "korrupsiyalaşmış kabinet"in istefası tələbi ilə çıxış ediblər. Polislə toqquşmalar zamanı 300-dən çox insan həlak olub. Lakin hökumətin şiələrin etirazlarını yatırmaq cəhdləri sonuncuları daha radikal addımlar atmağa sövq edib. Sentyabrda husilər paytaxt Sananı ələ keçiriblər.
 

Bundan sonra BMT-nin vasitəçiliyi ilə qiyamçılarla prezident Əbd Rabbu Mənsur Hadi (Səudiyyə Ərəbistanına yaxın sünni) arasında yeni hökumətin formalaşdırılmasına, yeni kabinetdə şiə azlığın da təmsil olunmasına dair razılıq əldə edilib. Tezliklə prezident Əhməd Avad ben Mübarəki baş nazir postuna təyin etsə də, o, cəmi 33 saat sonra vəzifəsindən istefa vermək məcburiyyətində qalıb. Səbəb husilərin onu "ABŞ-ın adamı" sayması olub. Abdul Malik əl-Husi açıq şəkildə bəyan edib ki, o, ben Mübarəki "Yəmənə kənardan zorla qəbul etdirilmiş" namizəd hesab edir.
 

Beləliklə, Yəməndə yeni baş nazir təyin olunub - Xaled Məhfuz Bahah. O, ölkənin sabiq neft naziri və Yəmənin BMT yanındakı daimi nümayəndəsidir. Bahahın namizədliyi husilər tərəfindən dəstəklənib. Lakin Yəmənin hakimiyyət eşalonlarında qeyri-sabitliyin davam etməsindən belə qənaətə gəlmək olar ki, ya husilər onu daha güclü namizədin olmaması üzündən dəstəkləyib, ya da Bahah Abdul Malikin partiyasından asılılığını azaltmaq üçün öz oyununu oynayıb.
 

İstənilən halda, son həftələrdə Yəmən husilərlə radikal sünnilər arasında şiddətli toqquşmalar meydanına çevrilib. Artıq paytaxtla yanaşı, bir sıra strateji əhəmiyyətli şəhərlər, o cümlədən Damar, İbb və Hodeyda (Qırmızı dəniz limanı) da şiələrin nəzarətinə keçib. Husilər artıq Hind okeanından Qırmızı və Aralıq dənizlərinə qapı sayılan Bab-əl-Məndab boğazına da nəzarət edirlər.
 

Şiələrlə mübarizə aparan radikal sünnilərə gəlincə, onlar "Müsəlman qardaşlar"ın, həmçinin "Ərəbistan yarımadasında Əl-Qaidə" təşkilatının filialı hesab olunan "İslah" partiyasının təmsilçiləridirlər. "İslahçılar" şiələrin hücumlarının qarşısını ardarda təşkil olunan terror aktları ilə almağa çalışır, nəticədə, onlarla dinc sakin dünyasını dəyişir. Əgər husilər yaxın zamanlarda bütün ölkə ərazisinə nəzarəti ələ keçirərlərsə, Yəməndə vəziyyət böyük ölçüdə Suriya böhranını xatırladacaq. Bu halda, son 3 ildə Suriyada olduğu kimi, Yəməndə də şiə hökuməti Fars körfəzinin ABŞ-ın himayəçilik etdiyi ərəb monarxiyaları tərəfindən dəstəklənən radikal sünni qruplaşmaları ilə mübarizə aparmalı olacaq. Bu, ilk növbədə, Səudiyyə Ərəbistanının sələfi ərəb rejimləri ilə şiə İranı arasında qarşıdurmanın daha da genişlənməsi anlamına gələcək. Yeri gəlmişkən, İran husiləri dəstəklədiyini gizlətmir.
 

Beləliklə, Yaxın Şərq regionunda sünnilərlə şiələr arasında yeni, daha miqyaslı qarşıdurma yaxınlaşmaqdadır. Bunu bir neçə amil açıq şəkildə göstərir: bir tərəfdən, şiə hərəkatının ciddi şəkildə güclənməsi (Livanın "Hizbullah" təşkilatı da daxil olmaqla), Suriya və İraqda bitmək bilməyən müharibə (həmçinin sələfilərin "İslam dövləti" təşkilatının həmlələri kontekstində), digər yandan, Səudiyyə Ərəbistanı və Bəhreyn kimi ölkələrdə şiələrin təqib olunması. Maraqlıdır ki, bu günlərdə Səudiyyə Ərəbistanında məhkəmə tanınmış şiə təbliğçisi, hökumət əleyhinə etirazların fəal iştirakçısı olan Nimr Bakir ən-Nimr haqqında edam hökmü çıxarıb. Bundan heç də az maraq kəsb etməyən daha bir məqam ərəb monarxiyalarında fərqli düşüncə sahiblərinə qarşı sərt təqiblərin Vaşinqton tərəfindən susqunluqla qarşılanmasıdır. Amerika sələfi əlaltılarına istənilən yaramazlığı asanlıqla bağışlayır və bu, Qərbin əlində bayraq etdiyi insan haqları ideologiyası ilə heç cür düz gəlmir.
 

Yəmən hadisələri fonunda getdikcə artmaqda olan geosiyasi qarşıdurmanın daha bir göstəricisi Fars körfəzi ərəb ölkələri Əməkdaşlıq Şurasının (Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı) qərarı hesab oluna bilər. Qurum vahid donanmanın yaradılması haqqında qərar qəbul edib. Bu donanma hələ 1982-ci ildə ərəb dövlətlərinin yaratdığı "Yarımadanın qalxanı" vahid silahlı birləşmələrin tərkib hissəsi olacaq. Qərarı şərh edən Səudiyyə Ərəbistanı nümayəndəsi Abdul Əziz ət-Turki kifayət qədər açıq danışıb: "İran Əməkdaşlıq Şurasının üzvləri üçün əvvəlkitək, əsas strateji təhlükə olaraq qalır. Ərəbistan yarımadasında o, Bəhreyn və Yəmən şiələrinin vasitəsilə fəaliyyətdədir".
 

Bununla yanaşı, o açıq şəkildə bildirib ki, "Yarımada qalxanı" lazım gələcəyi təqdirdə, 2011-ci ildə Bəhreyndə şiə hərəkatının qarşısının alınması məqsədilə həyata keçirilmiş əməliyyatın analoqunu reallaşdırmağa hazırdır. Ət-Turki qurumun yeni əməliyyatı hansı ölkə ərazisində həyata keçirə biləcəyini açıqlamayıb. Lakin Ərəbistan yarımadasının cənubunda yaşananlar fonunda söhbətin Yəməndən getdiyini anlamaq elə də çətin deyil.

ABŞ prezidenti Barak Obamanın Vaşinqtonun ərəb müttəfiqlərinə "sadələşdirilmiş rejim"də silah satışının təmininə dair sərəncam imzalaması bu mənada çox şeydən xəbər verir.
 

Aydındır ki, ərəb monarxiyalarının Yəmən şiələrinə qarşı hərbi əməliyyatlara başlayacaqları təqdirdə, İranın müşahidəçi kimi qalması çətin olacaq. Bununla Ərəbistan yarımadası Yaxın Şərqdə daha bir böyük müharibə ocağına çevrilə bilər.

"Region Plyus"