Kirli ticarət məktəbli çantalarını necə şişirir?

31 Oktyabr 2014 18:33

Təhsil sahəsi üzrə ekspert Nazim Əkbərov: "Bəzi nəşriyyatlar müxtəlif adlar altında kitablar, vəsaitlər nəşr edirlər və bunlar direktorların da razılığı ilə məktəblərdə uşaqlara satılır. Məktəblərdə satılan həmin vəsaitlərdən direktorlar da qazanırlar, nəşriyyat rəhbərlikləri də. Sözün bütün mənalarında bunun əziyyətini isə valideynlər və uşaqlar çəkirlər"

Son illər ölkəmizdə onurğa əyriliyindən əziyyət çəkənlərin sayı xeyli artıb. Travmatoloq-ortoped dr. Sənan Aşirov qəzetimizə açıqlamasında dedi ki, onurğa əyriliyi anadangəlmə və ya sonradan qazanılmış olur: "Elə körpələr var ki, anadangəlmə onurğa əyriliyi ilə doğulurlar. Bəzilərinin də onurğa əzələsi zəif olur. Belə uşaqlar ağır məktəbli çantalarını daşıdıqları zaman, masa arxasında əyri oturduqları zaman onurğalarında əyilmələr baş verir. Bu barədə həm valideynlər, həm də müəllimlər maarifləndirilməlidirlər. Valideynlər övladlarının çantalarının həddindən artıq ağır olmaması üçün diqqət etməlidirlər".

Məktəbli çantalarının ağır olmasına gəlincə, təhsil sahəsi üzrə ekspert Nazim Əkbərov qəzetimizə açıqlamasında bildirdi ki, bunun müxtəlif səbəbləri var: "Səbəblərdən biri odur ki, bəzi nəşriyyatlar müxtəlif adlar altında kitablar, vəsaitlər nəşr edirlər və bunlar məktəblərdə uşaqlara sinifdənxaric oxu adı altında satılır". N. Əkbərovun dediyinə görə, bu məsələdə məktəb direktorları və nəşriyyatlar arasında ortaq razılıq əldə edilir: "Məktəblərdə satılan həmin vəsaitlərdən direktorlar da qazanırlar, nəşriyyat rəhbərlikləri də. Valideynlər bu işin içərisində olmadıqlarından, məlumatları az olduğundan müəllimlərin dediklərinə inanırlar. Valideynlər düşünürlər ki, müəllim deyibsə, mütləq alınmalıdır. Nəticədə, beləcə, uşaqların çantaları bəzi hallarda vacib olmayan kitablar və s. ilə dolur".

Təhsil sahəsi üzrə ekspert ikinci məqam kimi dərs saatlarının çox olmasını vurğuladı: "Sovet dövründə bu qədər kitab yox idi. Uşaqlar məktəbdə 6 saat oxuyanda bu, çox mühüm bir şey kimi qeyd olunurdu. Amma indiki təhsil sistemində uşaqlar hətta 8 saat da dərsdə otururlar. Buna paralel olaraq, kitabların da sayı artıb".

Amma Nazim Əkbərov belə hesab edir ki, kurikulum islahatları tam oturuşduqca məktəblilərin çantalarında kitabların da sayı azalacaq. "Kurikulum üzrə nəşr olunan kitabların səhifəsi, çəkisi ənənəvi kitablardan xeyli - yarıbayarı azdır. Zənnimcə, bu, gələcəkdə məktəbli çantalarının çəkisinin azalmasına gətirib çıxaracaq",-deyə həmsöhbətimiz vurğuladı.

"Zaman Azərbaycan"