Yorğunluğu cihaz ölçəcək

1 Noyabr 2014 21:37
Yaponiyanın müxtəlif tip oyun konsolları ilə məşhur olan Nintendo Co. korporasiyası insan yuxusunun dərinliklərinə nəzarət üçün dünyanın ilk məişət cihazını hazırlayaraq onu satışa çıxarmağa hazırlaşır. Bu barədə Tokioda ekspertlərlə görüşdə korporasiya prezidenti Satoru İvata məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yatağa yerləşdiriləcək cihaz mikrodalğalı şüalanma vasitəsilə yatmış insanın nəfəsini, nəbzini və vəziyyətinin digər parametrlərini izləyəcək. Əldə edilən məlumatlar uzaqda yerləşən serverə göndərilərək orada təhlil edilir və aparat sahibinə onun yorğunluq dərəcəsi barədə xəbər verilir, eləcə də qida rasionunun yaxşılaşdırılması, fiziki hərəkətlər və s. üzrə tövsiyələr edilir.

Nintendo Co. prezidenti qeyd edib ki, cihaz 2015-ci ildə satışla çıxarılacaq və o vaxt onun qiyməti elan ediləcək. Korporasiya sağlamlıq vəziyyətinə nəzarətlə bağlı qurğuların istehsalını genişləndirmək niyyətindədir.
 

Milli.Az