Ən dəbdəbəli Porsche Panamera - FOTO

2 Noyabr 2014 22:03
Porsche şirkəti Panamera modelinin ən dəbdəbəli modifikasiyasını - Exclusive Series təqdim edib. Yeni versiyadan cəmi 100 nüsxə buraxılacaq və onun dünya premyerası noyabrda Los-Anceles motorşousunda təşkil ediləcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, eksklüziv Panamera təkər bazası 150 mm uzadılmış Turbo S Executive modifikasiyası bazasında hazırlanıb. Yüz heçbekin hər biri lazımi vizual effektin əldə edilməsi üçün əl ilə rənglənəcək: qapı dəstəklərinin altında qara rəng tədricən qəhvəyi rəngə keçəcək. Ön bamperdə hava çəpərləri və "klassik" dizaynda 20 düymlük təkər diskləri qara metal rəngdə olacaq.

Modelin interyeri çox bahalı dəri və ağac materialı ilə işlənib. Arxa kürsüdə əyləşən sərnişinlər üçün iki ədəd 10,1 düymlük ekranı, videokameraları, DVD-pleyerləri, naqilsiz qulaqcıqları və internetə çıxışı olan multimedia sistemi nəzərdə tutulub. Opsiyada dəridən hazırlanmış beş ədəd firma çantalarından ibarət komplekt təklif edilir.

Heçbek 570-güclü 4,8 litrlik V8 və ikiqat muftalı robotlaşdırılmış transmissiya ilə təchiz edilib. Panamera Turbo S ilk "yüzlüyü" 3,9 saniyəyə yığır. Maksimal sürət 310 km/saat təşkil edir.

Yeni versiyanın qiyməti 249,8 min avrodur. Adi Porsche Panamera Turbo S Executive isə 197 min avroya təklif edilir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.