Deputatdan SSRİ-nin eks-baş nazirinə etiraz: "O hələ SSRİ-də qalıb"
31 Oktyabr 2014 13:21
"Nikolay Rıjkov kimi adamlar hələ SSRİ rəhbərliyində vəzifədə olarkən həyata keçirdikləri əməllərə görə cavab verməlidirlər. Elə Rıjkov kimilərinin qəbul etdikləri siyasi qərarlara görə keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda çox insanlar əzab çəkməli olublar".
Trend-in məlumatına görə, bunu mediaya açıqlamasında Milli Məclisin üzvü, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov SSRİ-nin keçmiş baş naziri, Rusiya Dövlət Dumasının Ermənistan-Rusiya parlamentlərarası komissiyasının həmsədri Nikolay Rıjkovun Yerevanda Dağlıq Qarabağın Avrasiya İttifaqına daxil olmasının mümkünlüyü ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.
F.Muradov bildirib ki, N.Rıjkov hələ elə fikirləşir ki, SSRİ-də yaşayır: "Mən onun dediyi sözləri, fikirləri Sovet İttifaqının məhsulu kimi qəbul edirəm. Ona görə bu insanın bu fikirlərini ciddiyə almaq lazım deyil".
Deputatın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda həmsədr olan ölkənin rəsmi nümayəndəsinin belə mövqeyi təəssüf doğurur: "Rıjkov anlamalıdır ki, Dağlıq Qarabağ tarixən Azərbaycan ərazisi olub və belə də olacaq. Dağlıq Qarabağın heç vaxt hər hansı ittifaqa müstəqil olaraq qoşulması mümkün olmayacaq. Azərbaycan isə işğalçı dövlətlə bir ittifaqda ola bilməz".
Qeyd edək ki, Ermənistanda olan N.Rıjkov Yerevanda keçirdiyi brifinqdə "biz Dağlıq Qarabağı Avrasiya İttifaqı tərkibində görməyə şad olardıq" fikrini səsləndirib.
Milli.Az