Azərbaycanda hava şəraiti kəskin dəyişəcək - YENİLƏNİB
31 Oktyabr 2014 14:32
14:32
Azərbaycanda hava şəraiti yenidən kəskin soyuyacaq, temperatur 12 dərəcəyə kimi enəcək, bəzi ərazilərə qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, noyabrın 2-si günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin - 8-10 dərəcə enəcəyi gözlənilir. Noyabrın 2-si axşam, noyabrın 3 və 4-də isə hava soyuq keçəcək. Bu müddətdə havanın maksimal temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir. Fasilələrlə yağIntı müşahidə ediləcək.
Azərbaycanın rayonlarında noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Noyabrın 2-dən başlayaraq havanın temperaturu tədricən 7-12 dərəcə enəcək. Bəzi rayonlarda güclü qərb və şimal-qərb küləyi əsəcək.
---------
12:54
Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, bəzi ərazilərdə yağış intensivləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə çiskinli olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 13-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında arabır yağış yağacaq, bəzi yerlərdə intensivləşmə ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabır güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacaq.
Milli.Az