Financial Times Azərbaycanda "Formula 1" Qran-prisinin keçirilməsinə həsr edilmiş məqalə dərc edib

31 Oktyabr 2014 12:38

Britaniyanın nüfuzlu "Financial Times" qəzeti Azərbaycanda "Formula 1" Qran-prisinin keçirilməsinə həsr edilmiş məqaləni dərc edib.
 

Trend xəbər verir ki, qəzet yazır: "Bu ay keçmiş sovet respublikasının sürətlə inkişaf edən paytaxtı Bakının 2016-cı ildə keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin Qran-Prisinə ev sahibliyi edəcəyi təsdiqləndi".
 

Təqdimatda F1-in kommersiya rəhbəri Berni Ekklstoun elan edib ki, iki il sonra Xəzər dənizinin sahillərində keçiriləcək dünya səviyyəli hadisəni gözləyir.
 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, F1-in Bakıda keçirilməsi ölkə paytaxtının "Evrovision 2012"-ni qəbul etməsindən və "Avro-2020" futbol çempionatının matçlarının keçirilməsi hüququnu əldə etməsindən sonra məntiqli addım idi: "F1 dünyada Olimpiya Oyunları və dünya çempionatından sonra ən böyük idman hadisələrindən biridir".
 

"Baku Grand Prix" şirkətinin rəhbəri Arif Rəhimov Qran-pri yarışının Bakıda ən yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirib.

Məqalədə qeyd olunduğu kimi, Çindən və Sinqapurdan Əbu-Dabiyə qədər bütün inkişaf etməkdə olan bazarlar və son vaxtlar Rusiya F1 yarışından investisiyalar və əcnəbi qonaqlar üçün açıq olduğunu nümayiş etdirmək vasitəsi kimi istifadə etməyə çalışırlar. Müəllif yazır ki, Bakı da bu yolla gedir.

Azad Rəhimov Bakıda infrastrukturların tikintisinə nə qədər vəsait xərclənəcəyi, eləcə də bu yarışın keçirilməsi hüququnun dəyəri haqqında məlumat verməyib.
 

F1-in marketinq şirkətinin icraçı direktoru Robin Fenvik Qran-prinin keçirilməsinin üstünlüklərini qeyd edib. Onun sözlərinə görə, Qran-pri qlobal televiziya auditoriyasını, beynəlxalq brendlərin sponsorluğunu təmin edir, turizm potensialını artırır, habelə investisiyaların digər formalarını stimullaşdırır.

Milli.Az