"Müsavat Partiyasında fraksiya yaratmaq artıq qaçılmazdır"

31 Oktyabr 2014 12:08

"Müsavat Partiyasında fraksiya yaratmaq artıq qaçılmazdır"

Bunu Trend-ə Müsavat Partiyasının Məclis üzvü Rüfət Əliyev partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun arayışına verdiyi cavaba münasibət bildirərkən deyib.

R.Əliyev qeyd edib ki, cavab onları qane etmir: "Şəxsən mən MNTK-nın bizə belə bir cavab verəcəyini düşünürdüm. Çünki hesab edirəm ki, saxta yolla, qeyri-demokratik yolla seçilən həm məclis, həm başqan, həm də MNTK bu cavabdan irəli gedəcək bir cavab verməyəcəkdi. Bu, düşünülmüş bir addım idi".

Məclis üzvü qurultaydan narazı qalanlarla görüşüb cavabı dəyərləndirəcəklərini bildirib: "Biz görüşüb bu cavabı dəyərləndirəcəyik. Təbii ki, fraksiya yaradılması artıq qaçılmazdır. Gücümüz də birlikdədir. Yəqin ki, Tural Abbaslının, Səxavət Əlisoyun, Qubad İbadoğlunun da tərəfdarlarını toplayıb bu qaragüruh qrupdan yaxa qurtarmaq üçün belə bir fraksiya yaradacağıq".

Bundan əvvəl Müsavat başqanının keçmiş müşaviri, partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy da Trend-ə MNTK-ya edilən müraciətə cavab verilməsini gözlədiklərini bildirmişdi. O demişdi ki, müraciətdə Müsavat Partiyasının qurultayından əvvəl və sonra baş verən saxtakarlıqlar sadalanıb.

Ötən gün MNTK-nın iclasında Qubad İbadoğlunun qurultaydakı pozuntularla əlaqədar təqdim etdiyi arayışa baxılıb. Bildirilib ki, təqdim edilən arayış araşdırılıb və heç bir nizamnamə pozuntusuna rast gəlinməyib. Bütün iradlar sənədlərlə tədqiq edilib, hər hansı nizamnamə pozuntusu yoxdur.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib.

Partiya başqanlığına A.Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və S.Əlisoy namizədliyini vermişdi. Lakin qurultayın gedişində S.Əlisoy namizədliyini digər namizəd Q.İbadoğlunun xeyrinə geri götürüb.

Q.İbadoğlu öncə Trend-ə müsahibəsində deyib ki, A.Hacılı öz potensialı, resursları ilə ona qalib gəlməyib.

Xatırladaq ki, 2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, bu qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.

Milli.Az