Qədir-Xum, Aşura və Zühur arasında paralellər

31 Oktyabr 2014 11:49

Bismilləhir-Rahmənir-Rahim!

Hicri təqvimi ilə 1436-cı ilin məhərrəm ayına qədəm qoyduq. Bu, həm də hicri təqvimi ilə yeni ilin başlanğıcıdır. Bu xüsusda Məsumlarımızın (ə) tövsiyə etdiyi əməllər var. Xüsusilə dualar, ziklər var. Həmin dua və zikrlərdə qeyd olunur ki, biz yeni bir ilə daxil oluruq. Allahdan istəyimiz budur ki, bu yeni il müsəlman ümməti üçün, ümumən bəşəriyyət üçün xeyirli, bərəkətli il olsun, bu ildə İslam ümməti layiq olduğu vəziyyətə gəlib çatsın, bəşər düşmənləri yer üzündən silinsin.

Hətta sovet rejimində bu əyyam yaşadılıb

Artıq bir neçə gündür ki, dünyanın harasında olmalarından asılı olmayaraq, Əhli-beyt (ə) sevərlər Məhərrəm-Səfər əyyamını, xüsusən də ongünlüyü yaşatmağa başlayıblar. Həmd olsun Allaha ki, vətənimizdə də artıq xalq bütöv şəkildə, tam şəkildə həmrəylik göstərir və Peyğəmbərin (s) əziz Əhli-beytinə (ə) öz sayğısını, sevgisini nümayiş etdirir. Xalqımız Məhərrəm-Səfər əyyamının ehtiramına şadlıqlarını dayandırır, bu əzaya daxil olur. Bu xalq hətta sovet rejimində belə Məhərrəm-Səfər əyyamını yaşadıb və günümüzə qədər bu əzadarlıqların yaşanmasını təmin edib. Bu qədər çətinliklərə, sıxıntılara baxmayaraq Əhli-beytə (ə) sevgisi olan bu xalq Məhərrəm-Səfər əyyamını hər zaman yaşadıb. Allaha həmd olsun ki, bu xüsusda xalqımızın mərifəti daha da çoxalır, Məhərrəm-Səfər əyyamının yaşadılmasında həm kəmiyyətcə, həm də keyfiyyətcə ciddi irəliləyişlər hiss olunur.

Əhli-beyt (ə) məktəbinin 3 sütunu

Aşura məktəbini ayrılıqda, təklikdə təhlil etmək bir qədər yanlış olardı. Aşura günü baş verənləri anlamaq üçün yalnızca Kərbəlada və yalnızca Aşura günü baş verənlərə nəzər salmaq yetərli deyil. Bu, bəs etmir. Bu mənada biz bu bəhsimizdə Əhli-beyt (ə) məktəbininin, vilayət yolununun davamçılarının 3 mühüm sütunu üzərində danışacayıq. Bu üç sütunun bir-biri ilə əlaqəsindən və bağlantısından bəhs edəcəyik. Bu üç sütun - Qədir-Xum, Aşura və Zühurdur. Hər bir Əhli-beyt (ə) davamçısının bu üç məsələyə ciddi etiqadı var. Əhli-beyt (ə) davamçılarının Qədir-Xuma, Aşuraya və Mövlanın (ə.f) intizarında olmaqlığa dəqiq baxışı var.

Zühurda Qədir-Xumdan və Aşuradan gələn çalar

Təhlilçilər bu xüsusda bildirirlər ki, Zəmanə Sahibinin (ə.f) müntəzirinin, intizarda olanın vəzifələrinə nəzər saldıqda görərik ki, o mənəvi yükün içərisində Qədir-Xumdan gələn çalar var və buna mərifət çaları demək olar. Eyni zamanda bu vəzifələrin içərisində Aşuradan gələn, bu məktəbdən qaynaqlanan çalar var. Qədir-Xumla bağlı rəngin mərifət yükü çoxdur. Aşura ilə bağlı olan hissənin isə əməli və praktik hissəsi daha çoxdur. Sadə şəkildə belə demək olar ki, mövlamız Mehdi Sahib əz-Zamanın (ə.f) müntəziri olan bir kəsin vəzifələrində tam dolğunluq olması üçün, gərək həmin insan Qədir-Xum günündə baş verənləri dərk etsin, tanısın və vilayətə mərifəti olsun. Vilayətə mərifəti olmayanın həqiqi intizarı olmaz.

Qədir-Xum günü İmam Əlinin (ə) Peyğəmbəri-Əkrəmin (s) vəsisi və canişini olması, ümmətin rəhbəri olması elan olunur və bununla da Əhli-beyt (ə) vilayətinin başlanması təşəkkül tapır. Bu, 12-ci İmamın (ə.f) özünə qədər davam edir. Bu mənada Qədir-Xum gününü qəbul etməyənin Zəmanə Sahibini (ə.f) tanıması da olmaz. O, həqiqi müntəzirlərdən olmaz. Deməli, müntəzir olan kəsin mühüm mükəlləfiyyətlərindən biri - vilayətlə bağlı tanımasının, bilgisinin, mərifətinin olmasıdır.

İkinci çalar da vilayətlə, İlahi rəhbərliklə bağlıdır. Amma burada söhbət vilayətin əməli halda yaşadılmasından gedir. Aşura günü vilayətə mərifəti olanlar qanları ilə o mərifətlərini isbat edirlər. Bu mənada biz Əhli-beyt (ə) məktəbinin üç mühüm sütununa diqqət etməliyik. Qədir-Xum, Aşura və Zühur bir-birilə sıx bağlıdır. Zühura etiqadı olan şəxs əmindir ki, bir gün Allahın razı olduğu din olan İslam, 12-ci İmamın (ə.f) zühuru ilə bütün dünyada bərqərar olacaq və Allahın razı olduğu, bəyəndiyi İslamın bayrağı bütün dünyada ucalacaq. Bu, Həzrət Mehdi (ə.f) müntəzirinin etiqadıdır. Burada Qədir-Xumla əlaqəli bir bağlantı var. Qədir-Xum o gündür ki, Rəbbimiz İslam dinini bizlər üçün kamil hala çatdırdığını və Əli (ə) vilayətinin, rəhbərliyinin elanı ilə nemətləri bizim üçün tamamladığını, İslamı din olaraq bizlər üçün bəyəndiyi hala gətirib çıxardığını bəyan edir. Rəbbimiz hər birimizə çatdırır ki, vilayəti, rəhbərliyi olan İslam - Onun dərgahında bəyənilmiş İslamdır. Vilayətdən kənar İslam - bəyənilməmiş İslamdır, kamil hala gəlməmiş İslamdır, nemətləri tamamlanmamış İslamdır. Kamil hala gəlmiş, nemətləri tamamlanmış və nəticə etibarilə Allahın razı olduğu bir hala gəlmiş İslam, Zəmanə Sahibinin (ə.f) zühurunda bərqərar olacaq. Bu, Zühurla Qədir-Xumun bağlantısıdır.

Qədir-Xumda beyəti sındıranlar

Aşura gününün mahiyyətini dərk etmək üçün Qədir-Xum günündə baş verənlərlə müqayisəsinə, bu iki hadisənin müqayisəli paralellərinə nəzər salmaq önəmlidir. Qədir-Xum günündə minlərlə, onminlərlə insan İmam Əlinin (ə) yanına gəlir, beyət edirlər. Sonradan isə, Həzrət Əlinin (ə) padşah olmadığını, sultan olmadığını, ədalətli İlahi rəhbər olduğunu görəndə öz beyətlərini sındırırlar.

Bəli, cahil insanlar elə bilirdilər ki, Peyğəmbər (s) məktəbinin ən layiqli yetirməsi olan Həzrət Əli (ə) padşah ola bilər. Bəli, İmam Əlinin (ə) padşah olacağı ehtimalına inanan bəzi insanlar ona beyət etməyə gəlmişdi. Padşaha əlbəttə ki, beyət etmək üçün gələnlər çox olar. Birinin padşah olmaq ehimalı olanda, çox adam özünü onun yanında görmək istəyər. Sonradan görürlər ki, Əmirəlmöminin (ə) padşahlıqdan kənarda saxlandı, evdə oturur və s. Bunun səbəbi o idi ki, onlar İmam Əlini (ə) gerçək imam kimi, İlahi rəhbər kimi tanımamışdılar. Əgər Həzrət Əlini (ə) İlahi imam kimi tanısaydılar, onminlər üçün Əlinin (ə) taxtda və ya evdə oturmasının bir fərqi olmazdı. Həzrət Əlini (ə) İmam kimi tanıyıb ətəyindən yapışsaydılar, İlahi hüccətin zahiri məqamının onlar üçün heç bir fərqi olmazdı.

Bəli, elə deyil ki, insanlar birdən-birə Aşura günündə Peyğəmbər (s) nəvəsini şəhid etməyə qalxsınlar. Qədir-Xumda Həzrət Əliyə (ə) beyət edənlərlə Aşurada İmam Hüseynə (ə) beyət edənləri müqayisə edən zaman İlahi hüccət anlayışını tam dərk etmək olur. Böyük ariflərdən birinin buyurduğundan bu nəticə çıxır ki, Qədir-Xumda onminlərlə insan İmam Əliyə (ə) beyət edir, padşah olmayandan sonra isə onu tərk edirlər. Kərbəlada İmam Hüseynə (ə) beyət edənlərə isə Əba Əbdillah (ə) özü getməyi buyurur. Onların üzərində heç bir öhdəlik saxlamır, beyətlərini geri götürür və getməyə icazə verir. Bildirir ki, Yezidin (lən) işi onunladır və onlar isə azaddırlar, gedə bilərlər. Lakin, onlar getmirlər. Qədir-Xumda insanlar heç nə deyilməmiş, özləri beyətlərini pozurlar. Aşurada isə İmamın (ə) getmə izninə baxmayaraq, onu tək qoymurlar. Fərq - bircə məsələdədir. İmam Hüseynlə (ə) şəhid olanlar Əba Əbdillaha (ə) İlahi İmam kimi etiqad edirdilər. Onlar Əba Əbdillahı (ə) Yer üzərində Allahın hüccəti bilirlər. Belə olan halda onlar hara gedə bilərlər? Fərq bu qədər ciddidir.

Zühurla Aşuranın bağlantısı

Zühurla Aşuranın da ciddi bağlantısı var. Zühur intirazında olanlar - Həzrət Mehdinin (ə.f) müntəzirləridir. Zəmanə Sahibinin (ə.f), zəmanə İmamının (ə.f), yerlə göyün bağlantısı olan bir mübarək şəxsin qeybdən zühur etməsinin intizarında olmaq - Əhli-beyt (ə) məktəbinin etiqadi məsələlərindəndir. Bu anlamda Aşura ilə Zühurun bağlantısı var. Aşurada bir dərs var. Yetmiş iki nəfər öz İlahi rəhbərlərinə, öz vəlilərinə, öz mövlalarına, öz vilayətlərinə sahib çıxırlar. Yerlə göyün bağlantısına səbəb olan şəxsin axıra qədər yanında olurlar və sonacan canları ilə də müdafiə edib, şəhadətə ucalırlar. Burada mühüm bir bağlantı çıxır. Gərək Zühur müntəzirləri Mövlaya (ə.f) bağlı, Zəmanə Sahibinə (ə.f) bağlı elə bir səviyyəyə çatsınlar ki, əməli fədakarlıq etmək dərəcəsində olsunlar. Necə ki, Aşura qəhrəmanları İmam Hüseynin (ə) yanındadırlar və sonadək də onun yanında olurlar, gərək Zühur müntəzirləri də Zəmanə Sahibi (ə.f) ilə münasibətlərini bu cür həll etsinlər. Müntəzir olanlar gərək bu qədər hazır olsunlar. Qeyb dönəmində isə müntəzirin vəzifəsi müqəllid olmaqdır.

Peyğəmbər (s) dövrünün və Zühur dövrünün cahiliyyəti

Zühur ilə Peyğəmbər (s) dövrünün də bağlantısı var. Allahın Rəsulu (s) cahiliyyət ilə mübarizə aparırdı. Alimlər deyir ki, iki cür cahiliyyət var. Həzrət Peyğəmbər (s) birinci dalğa cahiliyyətlə mübarizə apardı və qalib gəldi. Birinci cahiliyyət dövrünün bütləri daşlardan idi. Zəmanə Sahibi (ə.f) gələn zaman ikinci cahiliyyətlə mübarizə aparacaq. Bu cahiliyyətin bütləri var, amma daha daşdan, dəmirdən, taxtadan deyil. Bunlar, modern bütlərdir. Zamana və məkana görə uyğunlaşmış bütlərdir. Birinci dövrün cahiliyyəti çox zəif təşkilatlanmış və təsisatlanmışdı. O dövrün bütləri canlı deyildi. İkinci dövrün cahiliyyətinin bütləri isə canlıdırlar, təşkilatlanıblar, təsisatlanıblar və bu mənada Zühur dövrünün müsəlmanları da gərək bu dönəmə hazır olsunlar. Zamanın bütləri təşkilatlanıblar. Zamanın növbənöv bütləri, növbənöv stereotipləri var. Dinlə, inancla, mənəviyyatla bağlı dəyərlərin sıradan çıxarılması üçün ağla gələn və gəlməyən bütlər yaradılıb. Amma Zəmanə Sahibinin (ə.f) dövründə bu ikinci növ cahiliyyət də sıradan çıxacaq. Allahdan istəyimiz budur ki, bizləri ikinci cahiliyyət dövrünün toruna düşməyə qoymasın.

Peyğəmbəri-Əkrəm (s) dövrünün bütpərəstləri bəlli idi. Zamanın bütpərəstləri modern bütlərə pərəstiş edirlər, bunların toruna düşüblər və bunların ardınca gedirlər. Məhərrəm-Səfər əyyamının yaşadılmasının əsas mahiyyəti budur ki, bizlər ayılaq, özümüzü dərk edək, özümüzü bu məsələlərdə toparlayaq.

İmam Hüseynə (ə) sevgi insanların fitrətindədir

Əba Əbdillahla (ə) bağlı bəzi incə buyuruşlara diqqət edək. Həzrət Xanım Fatimeyi-Zəhra (s.ə) buyurur: "Allahın Rəsulu (s) Hüseynin anadan olduğu gün mənim yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda Həzrətə (s) verdim. Allahın Rəsulu (s) sarı parçanı açıb kənara qoydu və ağ parça ilə Hüseyni (ə) bələdi. Sonra dedi: "Ey Fatimə! Al bu uşağı. Bu uşaq - İmamdır və İmam övladıdır. Bu uşaq doqquz pak və məsum İmamların atasıdır. Onların doqquzuncusu Qaim (ə.f) olacaqdır"".

Həzrət Rəsulallah (s) buyurur: "Həqiqətən möminlərin qəlbində Hüseynə (ə) gizli bir məhəbbət vardır".

İslam Peyğəmbəri (s) digər yerdə buyurur: "Möminlərin qəlbində İmam Hüseynin (ə) qətlinə görə elə bir hərarət və istilik vardır ki, heç vaxt o hərarət soyumaz".

Diqqət etsək, dünyada illərdir qarşısının alınmasına baxmayaraq, insanlar Əba Əbdillahın (ə) əzadarlıqlarını şövqlə yaşadırlar. Bu əyyamı yaşatmaq insanların öz içərilərindən gəlir. Sovet dövründə müxtəlif "bayramlar" qeyd edilirdi. İndi bunları heç xatırlayan belə yoxdur. Belə qondarma məsələlər dəstəklənməsə, yaşanmasa - sıradan çıxır. Amma, Əba Əbdillahın (ə) əzadarlığı 70 il Sovetin ən ağır zamanlarında belə yaşanıb. Sibir görmüş, zindan görmüş, şəhadətə çatmış, bir neçə nəsli məhv olunmuş müsəlman məmləkəti bu əzadarlığı yaşadırdı. Bu, nədən qaynaqlanır? Daxilimizdə Əba Əbdillahın (ə) qətlinə görə olan hərarət və istlikdən qaynaqlanır. Bu əzadarlığın yaşadılması hər birimizin təbii halıdır. Bu, böyük bir nemətdir. Bu nemətin şükrünü etmək hər birimizin vəzifəsidir. Əba Əbdillaha (ə) olan eşq, sevgi nemətinin əməli şükrü - əzadarlıq məclislərini böyük şövqlə yaşatmaqdan keçir.

Gərək biz bu ongünlüyün dəyərini bilək. Bu öngünlükdə hallarımıza nəzər salaq. Bu öngünlükdə qurulan məclislərə qurtuluş, ayılma, həm mənəvi, həm fiziki baxımından özümüzü toparlamaq fürsəti kimi baxaq. "Huseyn, Huseyn! (ə)" deyəndə hallarımıza, vəziyyətlərimizə dəyişiklik gətirə biləcək bir şüar kimi yanaşaq. Bu məclislər Allahı xatırlama baxımından ən böyük məclislərdir. Rəbbimiz Qurani-Kərimdə buyurur: "Məni xatırlayın ki, sizi xatırlayım". Bu məclislər tam surətdə Allahı xatırladan məclislərdir. Çünki, bu məclislərdə ən kamil Allah bəndəsi - Əba Əbdillahı (ə) xatırlayırıq. Əba Əbdillahın (ə) fədakarlığını, Allah yolunda hər bir şeyindən keçməsini, o hala necə çatmasını dərk etsək, Allaha bəndə olmaq halımız da əmələ gələr. Belə olan halda, Əba Əbdillah (ə) məclislərində çəkdiyimiz hər nəfəs ibadətə çevrilər. Necə ki, namazda olan insan nə etdiyinin fərqində olsa, namazdan əvvəlki vəziyyəti ilə namazdan sonrakı vəziyyəti fərqlənər, eləcə də bu məclislərə, əzadarlıqlara dərk ilə gələn insanın əvvəlki halı ilə sonrakı halı xeyli dəyişər. Belə insanın əzadarlıq məclislərindən sonra təkamülü olar. Əgər bu məclislərdə nə etdiyimizin fərqində olsaq, bu məclislərdən paklanmış, təmizlənmiş halda çıxarıq.

Allahım, Əba Əbdillaha (ə) xatir bizlərə tövbəli hal nəsib et!
Allahım, bizlərə Qədir-Xum və Aşuradan dərs götürərək, həqiqi Zühur müntəziri olmaq ləyaqətini nəsib et!

Hacı İlqar İbrahimoğlu
Milli.Az