Kobanidəki son hadisələr Suriya böhranının sadəcə bir hissəsidir

31 Oktyabr 2014 10:14
Kobanidəki son hadisələr Suriya böhranının sadəcə bir hissəsidir. Bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun Trend-ə Suriyada baş verən son hadisələri şərh edərkən bildirib.

O qeyd edib ki, Kobani şəhərində baş verən qanlı toqquşmalar dünyanın diqqət yetirməli olduğu aktual problemdir: "Suriyada ölən 300 min insanın fonunda Kobani hadisələri münaqişənin son həddidir. Ən azından, bu hazırda belədir, gələcəkdə isə nələrin olacağını söyləmək çətindir".

Səfir əlavə edib ki, Kobanidəki toqquşmalar 300 min insanın qətli ilə nəticələnən qanlı münaqişənin sadəcə bir hissəsidir.

İ.A.Coşqun deyib ki, ortaya belə bir sual çıxır: maraqlıdır, nə üçün bu vaxta qədər beynəlxalq ictimaiyyət Suriyada baş verən toqquşmalara biganə idi və nə üçün Kobani gündəmə gəldiyi zaman hərəkət etmək qərarı alındı?

Diplomatın sözlərinə görə, Türkiyə 3-4 il bundan əvvəl beynəlxalq ictimaiyyətə müraciətində bildirmişdi ki, "Azad Suriya Ordusu"na dəstək verilmədiyi təqdirdə yarana biləcək boşluğu radikal ünsürlər dolduracaq və hakimiyyətin qəddarlığı nəticəsində xalqın çarəsiz qalacaq: "Təəssüf olsun ki, Ankaranın bu xəbərdarlığına məhəl qoymaq əvəzinə, Türkiyədən Suriyaya radikal ünsürlərin keçməsi haqqında əsassız xəbərlər yayılmağa başladı".

Səfir bildirib ki, dünyada heç kim Suriyada baş verən böhranın asan bir şəkildə həll ediləcəyinə inanmır, çünki ortada çox qarışıq və ağır vəziyyət olmaqla yanaşı, bir xaos hökm sürür.

İ.A.Coşqun qeyd edib ki, Suriya böhranı meydana gəldiyi andan etibarən Türkiyə həm diplomatik, həm də humanitar baxımdan əlindən gələni etməyə çalışıb: "Hazırda Türkiyədə 1 milyon 600 minə yaxın suriyalı qaçqın var və Türkiyə öz imkanları və daxili vəsaiti hesabına qaçqınların yaşaması üçün şərait yaradıb".

Onun sözlərinə, bu vaxta qədər Türkiyə suriyalı qaçqınlara 4 milyard dollardan çox vəsait xərcləyib və onların yaşayışının təmin edilməsi üçün hökumət tərəfindən müxtəlif tədbirlər həyata keçirilməkdədir".

Suriya böhranının siyasi hissəsinə gəlincə isə diplomat qeyd edib ki, baş nazir Əhməd Davudoğlu şəxsən Suriya hakimiyyətini dəfələrlə doğru addımlar atmağa çağırıb: "Təəssüf olsun ki, Suriyada demokratiya anlayışının ümumiyyətlə olmaması ilə yanaşı, hakimiyyətin də xalqın tələblərinə səs vermək kimi refleksi yoxdur. Nəticə isə göz qabağındadır".

Milli.Az