Ailəsinin döydüyü Nazim küçədə yaşayır - VİDEO

31 Oktyabr 2014 11:24

Üzərində heç bir sənədi olmayan Nazim qohumlarının yanına qayıtmaq istəmir

Sumqayıtda orta yaşlı kişi küçələri özünə həmdəm seçib. Səbəb ailəsinin ona zorakı şəkildə davranmasıdır.

ANS TV-nin məlumatına görə, Adının Nazim olduğunu deyən şəxs neçə yaşında olduğunu bilmir. O, nitq qüsurludur. Əslən Şəmkir rayonunun Kür qəsəbəsindən olan Nazim bir ildir ki, Sumqayıtda küçələrdə yaşayır. Səbəbsə ailəsinin ona qarşı daim zorakılıq nümayiş etdirməsidir. 4 bacı, 5 qardaşı olan Nazim daim atası, qardaşları tərəfindən döyülüb. Nazim deyir ki, sonuncu dəfə qardaşım gəlinimizin sözünə inanıb məni döyüb evdən qovdu. Mən də bezib, hətta şəxsiyyət vəsiqəmi belə götürmədən qaçıb Sumqayıta pənah gətirdim. İndi Nazimin yaşayış yeri küçələr, yatağı isə parklardakı oturacaqlardır. Sabah başına nə gələcəyini bilmir. Bildiyi yeganə şey qohumlarının yanına getmək istəməməsidir.

Nazim israrla səsinin kameraya düşməməsini, bacı və qardaşlarının onu görməməsini istəyir.

Yaxınlarının üz döndərdiyi Nazimə bir ildir Sumqayıtda park ətrafında yerləşən obyektlərin sahibləri kömək edirlər. Amma onlar da bu cür yaşamağı mümkünsüz sayırlar.

Sumqayıt sakini Nahid Qocayev Nazimin qocalar evinə yerləşdirilməsini istəyir: "Göyərçin adlanan ərazidə küçələrdə qalır. Kim nə verir, ona qane olur. Amma belə olmaz, qocalar evinə yerləşdirilsin. Yardım olunsun, isti yeri olsun".

Təəssüf ki, Nazimin yaxın müddətdə isti yerinin olması mümkünsüzdür. Onun qocalar evinə yerləşdirilməsilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirdilər ki, istənilən halda ilk əvvəl Nazim şəxsiyyətini təsdiq edən sənədi əldə etməlidir. Bunun üçün yerli polis bölməsinə müraciət edilməlidir. Sonra isə Nazim rayon icra hakimiyyətləri tərəfindən hər hansı sığıcanaq evinə yerləşdirilə bilər. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qocalar evi var ki, ora da ancaq övladları tərəfindən atılmış və yaşı 60-dan yuxarı olan kimsəsiz qocalar yerləşdirilir. Bu halda bircə şeyə ümid etmək qalır. Allah Nazimin ailə üzvlərinin ürəyinə rəhm salsın ki, nitq qüsurlu qardaşlarını qışın şaxtasında küçələrdə tanımadığı insanların ümidinə buraxmasınlar.

Milli.Az

Videonu izləmək üçün şəkillərə klikləyin.