Türkiyənin Karaman vilayətinin Ərmənək rayonunda kömür mədənində baş vermiş qəza zamanı mədəndə qalanların xilasetmə işləri gecə boyu davam edir.
Anspress-in məlumatına görə, oktyabrın 28-də günorta saatlarında baş verən qəzaya su borusunun partlamasının səbəb olduğu bildirilir. Hadisə zamanı aşağı qatlarda işləyən 18 nəfərdən hələ də xəbər almaq mümkün deyil.
Yerin altında qalan işçilərin ailəsi isə ümidsiz və çarəsiz halda gözləməyə davam edirlər. Onların gecə-gündüz hadisə yerində gözləməsi, bir an olsun oradan ayrılmaması bəzən ürək ağrıdan mənzərələrin yaşanmasına səbəb olur. Tezcan Gökçə adlı işçinin anası olan Aişə xanım da oğlundan yaxşı bir xəbər gələcək deyə dualar edir, göz yaşı tökür. Onun oğlu haqqında danışarkən söylədiyi sözlər isə daha çox ürək ağrıdıb: "Oğlum üzməyi bilmirdi, suyun içində neyləyəcək?"
Hazırda xilasedicilər suyu nasoslarla çəkərək azaltmağa çalışırlar.
Xatırladaq ki, Ərmənək kömür mədənindəki qəza Türkiyədə son bir ildə yaşanmış ikinci ağır qəzadır. Bundan əvvəl isə Soma mədənində faciə baş vermişdi.