"Qarabağ"dan azarkeşlərə xəbərdarlıq

30 Oktyabr 2014 18:52

"Qarabağ" futbol klubu azarkeşlərə müraciət edib.
 

Milli.Az bildirir ki, Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, müraciətdə deyilir: "Məlum olduğu kimi, noyabrın 6-da Avropa Liqasının IV turu çərçivəsində "Qarabağ" - "Dnepr" oyunu keçiriləcək. Adıçəkilən yarışda uğurla çıxış edən komandamız hazırda turnir cədvəlində 2-ci sırada qərarlaşıb. Bütün Azərbaycanın qüruru olan "Qarabağ"ımızın avrokubok oyunlarına hədsiz marağın olması bəzi xoşagəlməz halların müşahidə olunmasına səbəb olub".
 

Qeyd olunur ki, xüsusilə qeyri-qanuni bilet alveri, saxta bilet satışının ehtimalını nəzərə alaraq, "Qarabağ" futbol klubu xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır: "Belə ki, "Qarabağ" - "Dnepr" oyununun biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bu holoqram məxsusi "Qarabağ" FK üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil".
 

Klub bütün ictimaiyyətdən xahiş edir ki, bileti hansısa fərdi şəxslərdən deyil, Respublika stadionun kassalarından alsınlar. Holoqramı olmayan biletlər etibarsız sayılacaq.
 

Biletlər noyabrın 3-dən saat 09:00-dan etibarən satışa çıxarılacaq.

Milli.Az