3 olimpiya medalı qazanmış nazir Bakıdadır

30 Oktyabr 2014 17:55

Dünən "Bakı 2015" Avropa Oyunları təşkilatın baş ofisində Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiçi salamlayıb.
 

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsindən (BAOƏK) Trend-ə verilən məlumata görə, siyasətə gəlməzdən öncə V.Udoviçiç ölkəsinin ən istedadlı su polosu oyunçularından biri olub. O, üç Olimpiya medalı - 2004-cü il Afina Olimpiya Oyunlarında gümüş, 2008-ci il Pekin Olimpiya Oyunlarında və 2012-ci il London Olimpiya Oyunlarında bürünc medal qazanıb.
 

V.Udoviçiç Azərbaycana Gənclər Siyasəti üzrə Qlobal Forumda iştirak etmək məqsədilə səfər edib. O, gələn il keçiriləcək İlk Avropa Oyunlarının hazırlıqları zamanı əldə edilmiş nailiyyətlər və irəliləyişlər ilə bağlı ən son yeniliklər barədə məlumatlandırılıb.
 

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Vanya Udoviçiçi Bakı 2015 Avropa Oyunlarının baş ofisində salamlamaq bizim üçün çox xoş oldu. Serbiya İlk Avropa Oyunlarına ən güclü idmançılardan ibarət komanda göndərəcək və biz həmin idmançıları gələn il burada baş tutacaq yarışlarda salamlamağı səbirsizliklə gözləyirik".
 

Kvalifikasiya prosesinin 50%-ni tamamlayan Serbiya bu vaxta kimi basketbol 3x3, boks, kanoe sprinti, gimnastika və güləş yarışlarında iştirak edəcək idmançıları seçib.
 

V.Udoviçiç deyib: "Mən Bakı 2015-in baş ofisinə və bəzi yarış obyektlərinə səfər etməkdən çox məmnun oldum. Bu səfər, eyni zamanda, gələn il keçiriləcək Avropa Oyunlarının baş tutması üçün çalışan Bakı 2015 komandasının serbiyalı üzvləri ilə də görüşmək üçün gözəl fürsət oldu. Serbiyalı idmançılarımız çoxsaylı idman növləri üzrə keçiriləcək və əsas yarışlardan biri kimi beynəlxalq təqvimə yazılacaq Avropa Oyunlarının mühüm hadisə olduğundan xəbərdardırlar. Ona görə də onlar ölkəmizi burada, Bakı şəhərində təmsil etmək imkanını əldə etməyi böyük səbirsizliklə gözləyirlər".

Milli.Az