Bakının bazarları niyə "yanır"?

30 Oktyabr 2014 17:52

"Yaşıl market" layihəsinin ləngiməsi bazarda qiyməti aşağı salmır

Məmməd Süleymanov sadə bir kəndlidir. Onun kənddə 20 sot torpaq sahəsi var. Məmməd kişi bu torpaqda əkinçiliklə məşğul olur. Qazancı torpaqdan çıxan kəndli hər il torpağından yaxşı məhsul yığır. Ancaq kəndli əlindəki məhsulu yaxşı qiymətə sata bilmədiyindən gileylənir. Məmməd kişi deyir ki, məhsulunu münasib qiymətə alan yoxdur:

"Bəzən olur ki, bir il əkib-biçib əldə etdiyim məhsul əlimdə qalır. Gözümü dikirəm ki, bu məhsuldan bir az qazanc əldə edəcəm, amma o da mənə qismət olmur. 9 nəfər baş külfət saxlayıram. Mənim də ümidim bu torpağadı. Amma bir il əziyyətlə əkib-becərib əldə etdiyim məhsulu axırda məcbur olub vasitəçilərə dəyər-dəyməzinə satıram".

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Məmməd kişi deyir ki, bu vasitəçilər məndən ucuz qiymətə aldıqları məhsulu aparıb şəhərdə od qiymətinə satırlar. Kəndli əziyyətinin bəhrəsini başqalarının yediyini söyləyir: "Mənim elə bir imkanım da yoxdur ki, bu məhsulu aparım özüm satım. Axı mən alverçi deyiləm. Mənim məqsədim torpağımdan bol məhsul əldə etməkdir".

Təəssüf ki, bu gün ölkədə Məmməd kişi kimi bu cür çətinliklə üzləşənlərin sayı az deyil. Əslində, dünya təcrübəsində bu sistem bizdəkindən fərqlidir. Xarici ölkələrdə kəndli əldə etdiyi məhsulu bir neçə vasitəçinin əlindən keçmədən, birbaşa alıcıya çatdıra bilir. Son nəticədə kəndli məhsulu yaxşı qiymətə satır. Bununla da fermer həm daha çox qazanır, həm də əkinçiliklə məşğul olmağa daha maraqlı olur. Bizdə isə kəndli məhsulunu vasitəçiyə satır. O vasitəçi isə məhsulu şəhərdəki topdansatış dükanlarına gətirir. Buradan isə məhsullar digər pərakəndəsatış dükanlarına göndərilir. Nəticədə Məmməd kişinin qazancı 3 və bəzən 4 vasitəçinin arasında bölünür. Axırda da məhsul bazara və dükanlara od qiymətinə gəlib çıxır.

Bu gün bazarda təxminən 70-80 qəpiyə satılan məhsulun kənddəki istehsalçı dəyəri 10-15 qəpiyədir. Bu qədər qiymət fərqinin yaranmasının isə nə kəndliyə, nə də vətəndaşa bir xeyri yoxdur. Burada qazanan yalnız vasitəçi işbazlardır. Ekspertlər bu vəziyyəti aradan qaldırmaq üçün konkret addımlar atılmasını vacib sayırlar. İqtisadçı Vahid Məhərrəmov anspress-ə açıqlamasında qeyd edir ki, əslində kəndli ilə alıcı arasındakı vasitəçiləri kənarlaşdırmaq lazımdır. Mütəxəssis deyir ki, bu amilləri nəzərə alaraq "yaşıl market" layihəsi irəli sürülmüşdü. Ancaq hazırkı vəziyyətdə bu layihə elə də uğur qazanmayıb. Ekspert bildirir ki, "yaşıl market"lər digər marketlərdən bir çox xüsusiyyətlərinə görə seçilməlidir:

"Bu marketlərdə eloloji təmiz məhsullar satılmalıdır. İstehsal olunan məhsul, həmçinin rəqabət davamiyyətli olmalıdır. Yaxşı olardı ki, sahibkarlara imkan yaradılsın ki, onlar özləri bu marketləri tikə bilsinlər və orada öz məhsullarını satsınlar. Bundan başqa fermərlər üçün hazır dükanlarda da şərait yaratmaq mümkündür. Hökumət səviyyəsində fermerləri stimullaşdıracaq addımlar atılmalıdır. Ölkə başçısının sərancamından xeyli müddət keçməsinə baxmayaraq hələ də "yaşıl market"lərin gözə görünən bir fəaliyyəti müşahidə edilmir".

Hazırda paytaxtın Nəsimi rayonunda və İsmayıllıda "yaşıl market"lərin inşası üzrə işlər gedir. İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilir ki, artıq Sumqayıtda da "yaşıl market" layihələrinin maliyyələşdirilməsinə başlanılıb. Hazırkı dövrə qədər bu layihələrə 20 milyon manata yaxın güzəştli kredit ayrılıb. Nazirlikdən verilən məlumata görə, SKMF-nun xətti ilə ölkənin digər rayonlarında da "yaşıl market"lərin maliyyələşdirilməsi üçün işlər görülür. Paytaxt ərazisində də yeni yaşıl market"lərin tikintisi üçün sahibkarlarla təşviqedici görüşlər keçirilir.

Mütəxəssis bildirir ki, əslində, fermerlərə şərait yaradılmalıdır ki, onlar öz məhsullarını ya özləri "yaşıl marketlər"də satsınlar, ya da sahibkarlar onlarla müqavilə bağlayaraq bu məhsulları fermerlərdən almalıdır. Hər iki halda bu sistem çox əlverişlidir:

""Yaşıl market"lər tam mənası ilə fəaliyyətə düşəcəyi təqdirdə həm əhali məhsulu ucuz qiymətə ala biləcək, həm marketin sahibi olan şəxs, həm də kəndli qazanc əldə edəcək. Əks təqdirdə istənilən effekti əldə etmək mümkün olmayacaq. Təəssüflər olsun ki, Azərbaycanda yüksək standartlara uyğun keyfiyyətli "yaşıl market"lər yoxdur".

Bəzi ekspertlərin fikrincə, bazarda inhisarlaşmanın olması bu cür unikal layihələrin reallaşmasında maneəçilik yaradır. Çünki bazarı tutan iri biznesmenlər daha çox qazanc əldə etmək haqda düşünürlər. İnhisarçı kəndli və əhalinin 5-10 qəpik irəli düşməsinə maraqlı deyil.

Hər halda "yaşıl market"lərlə bağlı ölkə başçısı sərəncam imzalayıb. Aidiyyəti orqanlar üzrə tapşırıqlar verilib və hazırda paytaxt və regionlarda yeni marketlərin inşası ilə bağlı işlər görürlər. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "yaşıl marketlər"lə bağlı investisiya layihələrini də qəbul edir. Fond prioritet sahələrdən hesab olunan ixtisaslaşdırılmış "yaşıl market" layihələrini dövlətin güzəştli kreditləri ilə maliyyələşdirmək imkanındadır. Bu barədə mütəmadi olaraq sahibkarlarla görüşlər keçirən SKMF investisiya layihələrinin maliyyələşdirilməsinə güzəştli kredit verirlər. Belə layihələrdən biri artıq paytaxtımızda inşa olunur. Hələ tam hazır olan "yaşıl market"lərin olmaması isə təəssüf doğurur. Amma buna baxmayaraq ümid edirik ki, yaxın gələcəkdə ölkəmizdə həm ucuz, həm də keyfiyyətli məhsulların satıldığı "yaşıl market"lər işə düşəcək. İnşallah, bu marketlər digərlərindən tək rənginin yaşıl olması ilə fərqlənməz.

Milli.Az