İlk böyrək transplantasiyasından 54 il ötür

30 Oktyabr 2014 17:10

Dünyada hər 100 adamdan biri böyrək xəstəsidir

Dünya tarixində ilk dəfə olaraq böyrək transplantasiyasının həyata keçirilməsindən 54 il ötür. İlk dəfə 1960-cı ildə London şəhərində böyrək transplantasiyası əməliyyatı həyata keçirilir və hər iki əməliyyatlı insan uzun bir müddət sağlam həyat yaşayır.

Məhz bu hadisədən sonra böyrək transplantasiyası üzrə mütəxəssislər yetişməyə başlayır və sadəcə 10 il kifayət edir ki, böyrək transplantasiyası sahəsi daha da genişlənsin. Azərbaycanda isə 2012-ci ildə ilk dəfə böyrək transplantasiyası əməliyyatları həyata keçirilib. Hazırda nəinki Bakıda, regionlardakı xəstəxanalarda da bu cür əməliyyatlar həyata keçirilir.

Həkim-nefroloq Fazil Əliyevin sözlərinə görə, Azərbaycanda transplantasiyası mümkün olan orqanların köçürülməsi üçün hər bir şərait və imkan olduğu halda sadəcə ürək və qaraciyər köçürülür. Bunun başlıca səbəbi isə donorun olmamasıdır. Azərbaycanda ümumiyyətlə, heç bir şəxs ölməmişdən əvvəl orqanlarını bağışlamır və hətta ölən şəxsin ailəsi belə orqanın alınmasına qarşı çıxır. Belə olan halda orqan transplantasiyasının genişlənməsindən söhbət belə gedə bilməz: "Azərbaycanda orqan bağışlanması praktikası olmadığından ölən şəxslərdən orqan köçürmək mümkün deyil. Ölən şəxsin yaxınları bəzən ekspertiza üçün yarılmaya belə qarşı çıxır. Belə stress keçirən insanlara yaxınının orqanını götürmək kimi təklif etmək qeyri-mümkündür. Böyrək və qara ciyər transplantasiyası isə könüllü surətdə həyata keçirilir. Xəstənin yaxınları donor olduqları üçün bu sahədə əməliyyatların sayı da çoxdur".

Azərbaycanda "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanundan danışan nefroloq deyir ki, bu qanun müasir elmi nailiyyətlərə və tibbi təcrübəyə əsaslanaraq insan orqan və toxumalarının transplantasiyası ilə bağlı münasibətləri tənzimləyir. Eyni zamanda transplatoloqlar tərəfindən hazırlanan yeni layihəyə əsasən qəza və digər hadisələr zamanı ölən şəxslərin orqanlarından istifadə olunması da təklif edilir: "Sadəcə donor problemi həll olunsa, əminliklə deyə bilərəm ki, Azərbaycan transplantasiya sahəsində öncül ölkələrdən olar. Çünki Azərbaycanda azyaşlı uşağa belə böyrək köçürülüb (66 yaşlı babadan 6 yaşlı nəvəsinə) və artıq bu sahədə həkimlər elə bacarıqlıdırlar ki, xarici ölkələrdən belə transplantasiya üçün müraciət edənlər olur".

Həmsöhbətimizin sözlərinə görə, dünyada hər 100 adamdan biri böyrək xəstəsidir. Bu hesabla dünyada 20 milyona yaxın insan böyrək xəstəliyindən əziyyət çəkir və 20 milyon insan da risk altındadır. "Ancaq onların bundan xəbərləri yoxdur. Ona görə ki, böyrək xəstəlikləri çox gizli keçir. Bəzən xəstələr onlarda bu xəstəliyin olmasını bilərkən təəccüblənirlər" deyən F.Əliyevin bildirdiyinə görə, zamanında aşkar edilən və dəqiq diaqnozu qoyulan böyrək xəstəliklərinin böyük bir qismi tamamən müalicə oluna bilər. Böyrək köçürülməsi və ya transplantasiyası böyrək çatışmazlığının aradan qaldırılması üçün ən effektiv üsuldur. Nefroloq tərəfindən böyrək çatışmazlığı diaqnozu qoyulan xəstə ən qısa bir zamanda orqan transplantasiyası mərkəzinə müraciət etməlidir. Bu mərkəzlərdə nefroloq xəstələri canlı donordan böyrək transplantasiya olunması üçün dəyərləndirir. Canlı donoru olmayan və ya əməliyyata hər hansı bir əks göstəriş olan xəstələrdə dializ müalicəsi başlayır və adları kadavra (meyit orqan) gözləmə siyahısına alınır. Böyrək köçürülməsi və ya transplantasiyası böyrək çatışmazlığının son mərhələsində ən effektiv müalicədir.

Ekspress.az