Avropada Windows Phone zəiflədi

30 Oktyabr 2014 21:55
Kantar Worldpanel ComTech tədqiqat şirkəti qlobal smartfon bazarında vəziyyəti izləməyə davam edir. Yeni hesabat 2014-cü ilin üçüncü rübünün nəticəsinə görə tərtib edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ilin iyul-sentyabr aylarında Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniya ölkələrində iPhone smartfonunun bazar payı illik hesablamada 1,5% artaraq 15.4% təşkil edib. Avropada, həmçinin Android platformasının payı artaraq 73.9% olub.

Windows Phone platformasının bazar payı 0,3% azalaraq 9,2% olub. Yalnız İtaliyada WP smartfonlarına tələbat artıb: ötən rüb ölkədəki smartfon satışlarının 15,2%-i WP smartfonlarının payına düşüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% yüksəkdir.

İspaniyada Android platformasının payı 90,4%-dir və liderlik etməyə davam edir. iOS və Windows Phone platformalarının bu smartfon bazarında payları müvafiq olaraq 6,3% və 3% təşkil edir.

Cari ilin üçüncü rübünə görə Böyük Britaniyada Android mobil əməliyyat sisteminin bazar payı 58,2%-dir. iOS platformasının payı 31%-dir, bir il əvvəl bu göstərici 29,3% olub. Windows Phonenun payı ötən il 10% olduğu halda, indi 9,6%-dək azalıb.

Milli.Az