Azərbaycanın dünyada möhkəmlənən nüfuzu informasiya mübadiləsinin genişlənməsinə əlverişli imkan yaradır
30 Oktyabr 2014 16:18
Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə güclənir. İndi Azərbaycan bir çox mötəbər beynəlxalq siyasi, humanitar və idman tədbirlərinin tez-tez keçirildiyi bir məkandır. Bütün bunlar qlobal səviyyədə informasiya mübadiləsinin artmasına əlverişli imkan yaradır. Azərbaycanın milli informasiya agentliyi olan AzərTAc da bu imkandan yararlanmağa çalışır.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, bu fikirlər oktyabrın 30-da Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq ilə keçirilən görüşdə səslənib.
Baş direktor Aslan Aslanov AzərTAc-ın son dövrlərdə genişlənən informasiya mübadiləsinin coğrafiyasından danışıb, agentliyin dünyanın 40-dan çox ölkəsinin milli xəbər qurumları ilə ikitərəfli müqavilə əsasında əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Baş direktor A.Aslanov Böyük Britaniyanın Press Association agentliyi ilə AzərTAc arasında sıx əlaqələrin və bu nüfuzlu informasiya qurumunun baş icraçı direktoru Klayv Marşalla səmimi dostluq münasibətlərinin olduğunu söyləyib. Bildirilib ki, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AzərTAc-ın təşkilatçılığı ilə Bakıda keçirilən iclasında Klayv Marşal da fəal iştirak edib, ölkəmizin regionlarında səfərdə olub.
Beynəlxalq əlaqələrinin genişlənməsi AzərTAc-ın dəqiq və etibarlı informasiya mənbəyi kimi məsuliyyətini artırdığını bildirən baş direktor vurğulayıb ki, indiki sosial media bumu şəraitində bu çox vacib amildir. Milli xəbər agentlikləri informasiyanın daha sürətlə və geniş coğrafiyada yayılmasında sosial medianın imkanlarından maksimum səmərəli istifadə etməlidir.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir İrfan Siddiq Azərbaycan ilə Böyük Britaniya arasında tarixən mövcud olan dostluq əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinlikləri uğurla dəf edərək, sürətli inkişaf yoluna çıxıb. Böyük Britaniyanın enerji şirkətlərinin Azərbaycana sərmayə yatırmaqda hər zaman maraqlı olduqlarını söyləyən İrfan Siddiq diplomatik missiyası dövründə bu əlaqələrin ticarət, təhsil və digər sahələrdə də genişlənməsinə töhfə verməyə hazır olduğunu bildirib. Səfir ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti barədə danışıb. İrfan Siddiq Böyük Britaniyanın səfiri olaraq AzərTAc ilə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Milli.Az