Aİ-yə tamhüquqlu üzvlük Türkiyə xarici siyasətinin önəmli hədəflərindən biridir
30 Oktyabr 2014 15:15
"Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlük Türkiyə xarici siyasətinin önəmli hədəflərindən biridir"
Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper CoşqunTrend-ə açıqlamasında bildirib.
Səfir qeyd edib ki, Avropanın Türkiyə üçün iqtisadi-siyasi mahiyyəti var.
Onun sözlərinə görə, Türkiyənin Aİ-yə yönəlməsi və quruma tamhüquqlu üzv olması Ankaranın Yaxın Şərq və Qafqaz siyasətindən əl çəkəcəyi anlamına gəlmir: "Ankara Avropa İttifaqına üzv olmaq üçün islahatlar apararaq, öz hədəflərinə sürətlə yaxınlaşır".
İ.A.Coşqun deyib ki, Türkiyənin Ümumdünya Gömrük Təşkilatına üzv olması çətinliklərə baxmayaraq öz rəqabət gücünü artırdı: "Türkiyə Aİ ilə müzakirələrə başladığı zaman Avropa İttifaqına tamhüquqlu üzv olmağı qarşısına hədəf qoydu. Aİ-nin bu məsələdən vaz keçməsi mümkün olmadığı kimi, Türkiyənin də bu prosesdən vaz keçəcəyi mümkün deyil".
Qeyd edək ki, Türkiyənin Aİ-yə üzv olması üzrə rəsmi danışıqlar 2005-ci ildən başlayıb.