""İnter" Azərbaycanda hamıdan güclüdür" - QALMAQAL

30 Oktyabr 2014 14:57

Azərbaycan Premyer Liqasının dünən oynanılan "İnter" - "Qarabağ" matçından sonra Kaxaber Sxadadzenin keçirdiyi mətbuat konfransında qalmaqal baş verib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun gürcüstanlı mütəxəssisə ünvanlanan sualı tərcümə etmək istəməməsi səbəb olub. O bildirib ki, bu sual bundan öncə verilən suala bənzədiyi üçün tərcümə etməyə gərək yoxdur.
 

Qeyd edək ki, jurnalistlər "İnter"in "Qarabağ" və "Neftçi"yə qol vura bilməməsi ilə maraqlanıblar. Suallar təxminən bu cür olub: həmin komandaların qapısına qol vura bilməmək "İnter"in zəifliyidi, yoxsa "Qarabağ" və "Neftçi"nin "İnter"dən güclü olması? Bu zaman Sxadadze qısaca olaraq deyib: "Nə olsun, "Qarabağ" və "Neftçi" də bizə qol vura bilməyib?! Belə çıxır, onlar zəifdi?"

Eyni məzmunlu növbəti sual isə Sxadadzeni hirsləndirib. O əsəbi şəkildə qeyd edib ki, onun rəhbərlik etdiyi "İnter" Azərbaycanda bütün komandalardan güclüdür.
 

Üçüncü bənzər sualı isə mətbuat xidmətinin rəhbəri tərcümə etməyib. Bu zaman "İnter" klubunun mühafizə xidmətinin əməkdaşı sual verən jurnalistin işinə müdaxilə etmək istəyib. Amma jurnalistin etirazından sonra o, mətbuat konfransının keçirildiyi zalı tərk edib.
 

Daha sonra Sxadadze ilə üçüncü sualı verən jurnalist arasında mübahisə yaranıb. Gürcüstanlı mütəxəssis həmin mətbuat işçisini "təxribatçı" adlandırıb.
 

Qeyd edək ki, komanda.az saytı məsələ ilə bağlı Sxadadze və klubun mətbuat xidmətinin rəhbərini tənqid edən yazı dərc edib. Yazıda jurnalistin işinə müdaxilənin yolverilməz olduğu bildirilib.

Milli.Az