"Bu təşkilatların əsas məqsədi anti-milli qüvvələri öz ətrafında birləşdirməkdir"

30 Oktyabr 2014 14:54
"Ümumiyyətlə, "Freedom House", Soros Fondu kimi təşkilatların Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə dair çağırış etməsinin mahiyyəti ölkəmizdə hər kəsə məllumdur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu təşkilatlar yüksək sürətlə inkişaf etməkdə olan ölkələrdə öz təsirini daim saxlamaqdan və ABŞ-ın bəzi qüvvələrinin maraqlarını ifadə etməkdən ötrü şəbəkələrini yaradırlar, eləcə də müəyyən qrant layihələri verməklə və s. ölkənin daxilində müəyyən təxribatçı hərəkətlər törətməyə çalışırlar. Bu qurumlar başqa ictimai təşkilatlar vasitəsilə ictimai-siyasi basqılar törətməyi planlaşdıran bir təşkilatdır. Məhz buna görə də "Freedom House" və Soros Fondunun hər hansı müsbət əməlindən danışmaq və bunu gözləmək doğru olmazdı. Bu təşkilatların istənilən addımları öncədən düşünülmüş, planlaşdırılmış və saxtalaşdırılmış addımlardır".

M.Quliyev hesab edir ki, "Freedom House" və Soros Fondunun əsas məqsədi ölkə daxilindəki anti-milli qüvvələri tapıb, öz ətrafında birləşdirib, onları maliyyələşdirərək öz çirkin niyyətlərini həyata keçirməkdir: "Beləcə, onların hansısa aksiyasını, tədbirini, layihəsini xüsusi bir təəccüb və narahatçılıqla qarşılamağa ehtiyac yoxdur. Son 20 ilə yaxın müddətdə onlar hər dəfə Azərbaycana maddi təsirlər göstərmək istəyib, amma bunların hər biri iflasa uğrayıb və heç bir nəticə verməyib. Azərbaycan xalqı öz iqtidarına, Prezidentinə və dövlətçiliyinə inanır. Bu təşkilatlar yaxşı olardı ki, gedib özlərinin obyektlərini başqa ölkələrdə və yerlərdə axtarsınlar".

Milli.Az