"Ermənistanın blokadada olmasının səbəbi..."

30 Oktyabr 2014 14:44
"Ermənistanın regiondakı layihələrdə iştirakdan geri qalması onun öz əməllərinin nəticəsidir. Nəzərə alsaq ki, elə ən böyük layihələrin müəllifi Azərbaycandır, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənədək, hərbi qoşunlarını Azərbaycan torpaqlarından çıxarıb normal qonşuluq münasibətləri yaratmayanadək bu layihələrdə iştirak etməsi mümkünsüzdür". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın blokadada olmasının başlıca səbəbi onun işğalçılıq siyasətidir: "Ermənistan nə qədər Azərbaycan torpaqlarını işğal altında saxlayacaqsa, bir o qədər də təcavüzkar dövlət olaraq blokadadan çıxa bilməyəcək və bütün qlobal layihələrdən kənarda qalacaq. Digər ölkələrin Ermənistanı blokadadan çıxarmaq istəməsinə gəldikdə isə, həmin ölkələr Ermənistana qoşunlarını Azərbaycan torpaqlarından çıxarması istiqamətində təsir etsələr, yaxşı olardı. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın torpaqlarını geri qaytarmaqdır".

Milli.Az