"Turan" - "Neftçi" oyunu satılıb? - RƏSMİ AÇIQLAMA

30 Oktyabr 2014 14:01

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Turan"ın sabiq futbolçusu Valeri Onilenin 5 il öncə "Neftçi"yə oyunu necə vermələri barədə açıqlamasını şərh edib.

Milli.Az-ın məlumatına görə, R.Musayev sportnet.az-a bildirib ki, Onilenin belə bir iddia ilə çıxış etməsi absurddur.
 

Onun fikrincə, "Turan" - "Neftçi" matçı həqiqətən də danışılmış idisə, moldovalı hücumçu elə həmin vaxt da deyə bilərdi. Lakin PFL prezidenti keçirdikləri çempionatı nüfuzdan salmağa cəhd edən futbolçuya qarşı heç bir tədbir görməyəcəklərini söyləyib:

"Biz nə futbolçuya qarşı, nə də həmin oyunla bağlı araşdırma aparacağıq. Həmin oyunda 30-dək futbolçu çıxış edib. Nə oldu, heç biri demədi ki, danışılmış oyundur, bircə bu dedi? Bir neçə il öncə "Qarabağ" da "Neftçi"ni ilk yarıda 2:0 hesabı ilə udurdu, amma fasilədən sonra 3 qol buraxdı. Yəni futbolda belə hallar olur. "Neftçi" də "Turan"a 0:2 hesabı ilə yenildiyi qarşılaşmanın fasiləsindən sonra 3 qolla qələbəyə nail olursa, hansı danışılmış oyundan söhbət gedə bilər? Onilenin 5 il əvvəl keçirilmiş oyundan indi danışması mənasızdır".
 

Qeyd edək ki, "Turan"ın sabiq futbolçusu Valeri Onile "moldfootball.com"a müsahibəsində "Turan"ın 2009-cu il dekabrın 5-də keçirilmiş oyunda "Neftçi"yə qəsdən uduzduğunu nəql edib.

Milli.Az