İŞİD-in Leyli və Məcnunu: nazir qızı, dost qatili...

30 Oktyabr 2014 14:38

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Suriyanın şimalındakı Kobani şəhərinə hücumlarına başçılıq edən, "Əbu Ömər əl Şişani" kimi tanınan gürcü Tarxan Batiraşvili çeçen xanımı üçün dostunu qətlə yetiribmiş.
 

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Əbu Ömərin xanımı, 1 yaşlı qızının anası Seda Dudurkayeva Çeçenistandan qaçaraq Suriyaya yollanıb.

Seda Rusiya Federal Miqrasiya Xidmətinin Çeçenistan idarəsinin rəisi, Çeçenistan prezidenti Ramzan Kadırovun hökumətində nazir idi.

Seda Dudurkayeva iki il əvvəl internetdə Həmzət adlı çeçenlə tanış olmuşdu. Çeçen Həmzət Suriyada vuruşurdu və İŞİD-in ən məşhur komandirlərindən sayılan Əbu Ömər əl Şişaninin "sağ qolu" idi.
 

Gürcüstanın Pankisi dərəsində doğulmuş Həmzətlə Şişani uşaqlıq dostları idilər.

Günlərin birində Həmzət yaralanır və bu xəbəri internetdən alan Seda Dudurkayeva da sevgilisinin yanına, Suriyanın Rəqqa şəhərinə yollanır.

Bir ay sonra isə Həmzətlə Seda evlənirlər.
 

Bundan xəbər tutan Ramzan Kadırov "fanatik qızına nəzarət edə bilməyən" Asu Dudurkayevi işdən qovmuşdu.

Həmzətin anası Leyla Açişvili isə Skype vasitəsilə oğlu ilə danışmış, onun yanına yollanmağa icazə almışdı.
 

Çeçenistan prezidenti Ramzan Kadırov da Açişvili ilə əlaqə saxlamış, "Qayıdanda o Sedanı da gətir!" əmrini vermişdi.

Həmzət və Seda bir-birlərini çox sevirdilər, amma Rəqqada olduqca yoxsul həyat yaşayırdılar.
 

Həmzətin anasının bütün səylərinə rəğmən, Seda Çeçenistana qayıtmaq istəməyib, Suriyada özünü "azad hiss etdiyini" söyləyib.

Leyla Açişvili Suriyadan Gürcüstana qayıdandan 4 gün sonra isə oğlu Həmzətin həlak olduğu xəbərini alıb.

Həmzət öləndən sonra Seda da Çeçenistana qayıtmaq istəyirdi.
 

Fəqət Əbu Ömər buna icazə verməyib, "şəhidin dul xanımını tək qoymayacağıq" deyib və Seda ilə evlənib.

Suriyadakı İŞİD-çilər isə Əbu Ömərin dostu və "sağ əli" Həmzəti məhz Sedaya görə öldürdüyünü deyirlər.

Milli.Az