Xorvatiyanın baş nazirinin birinci müavini Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

30 Oktyabr 2014 12:35
Azərbaycanda səfərdə olan Xorvatiya baş nazirinin birinci müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Vesna Pusiçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

Milli.Az