XİN: "Macarıstan AGRI layihəsinin uğurunda maraqlıdır"

30 Oktyabr 2014 12:22
Macarıstan təbii qaz tədarükü mənbələri və marşrutlarını şaxələndirə biləcək AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin uğurunda maraqlıdır.

Bunu Trend-ə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bakıya səfəri öncəsi deyib.

Macarıstan XİN rəhbəri noyabrın 3-4-də Azərbaycanda səfərdə olacaq.

Onun sözlərinə görə, Macarıstan AGRI layihəsində hökumət və korporativ səviyyədə iştirak edir.

P.Siyarto qeyd edib ki, Macarıstanın MVM dövlət elektrik enerjisi şirkəti 2011-ci ilin mart ayında AGRI layihəsinə qoşulub: "Macarıstan layihənin digər iştirakçıları kimi texniki-iqtisadi əsaslandırmanın tamamlanmasını gözləyir. Mən qeyd etmək istərdim ki, Macarıstan təbii qaz tədarükü mənbələri və marşrutlarını şaxələndirə biləcək layihənin uğurunda maraqlıdır".

AGRI layihəsi hazırda texniki-iqtisadi əsaslandırmanın işlənməsi mərhələsindədir.

Qeyd edək ki, AGRI-nin iştirakçıları ARDNŞ, Gürcüstan Neft və Qaz Korporasiyası, Macarıstanın MVM və Rumıniyanın "Romgaz" şirkətləridir.

Milli.Az