"Böyükağa Hacıyevlə hələ də əlaqə saxlayıram"

30 Oktyabr 2014 13:52

Milli.Az "Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsini təqdim edir.
 

- "Bakı" üzərində qələbə barədə nə deyə bilərsiz?

- Çətin oyun oldu. Amma belə olacağını bilirdik. Jabanı qaytarmaqla "Bakı" keçmiş günlərini xatırlatmağa çalışır. Heyətlərində perspektivli futbolçuları da çoxdur. Sadəcə, bizə 3 xal çox lazım idi və şadam ki, qələbə qazana bildik.
 

- Birinci hissədəki zəif oyununuzun səbəbi nə idi?

- İlk yarıda biz, doğrudan da yaxşı təsir bağışlamadıq. Həm də rəqib son dövrlər yaxşı oyun sərgiləyir. Nəticələri də bunu isbatlayır. Buraxılan qoldan sonra, doğrudan da xal itirəcəyimizə dair düşüncələr yaranmağa başladı. Amma uşaqlara halal olsun, qələbə qazanmağımız üçün hər şeyi etdilər.
 

- "Neftçi"nin sabit oyun sərgiləyə bilməməsi baş məşqçi dəyişikliyi ilə əlaqədardır?

- Hər bir məşqçinin öz fəlsəfəsi, oyun üslubu olur və futbolçuların da buna alışması zaman alır. Fikrimcə, zamanla bizim də oyunumuz yaxşılaşacaq. Oyunumuzda inkişaf var.
 

- Böyükağa Hacıyev üçün darıxmırsız?

- Gizlətmirəm, hərdən əlaqə saxlayırıq. İşlərinin necə olduğunu soruşuram. Axı yerliyik.
 

- Əvəzedici heyətdən yeni qayıdan Araz Abdullayevin oyununu bəyəndiz?

- Hə, o, bu gün qələbə üçün çox şey etdi. Olanları yada salmaq lazım deyil. Hər şey artıq geridə qalıb. Araz səhvini etiraf etdi və onu başa düşdülər.
 

- "Neftçi"nin bu mövsüm çempion olması nə dərəcədə realdır?

- Hələ bu barədə danışmaq çox tezdir. Qışda toplanış, transferlər olacaq. Yalnız ondan sonra nəsə danışmaq olar.
 

- Nikolas Kanalesin oyunu barədə nə deyə bilərsiz?

- O, hələ əvvəlki formasından uzaqdır. Amma əminəm ki, zamanla öz oyununu tapacaq.

Milli.Az