Bakıda mebel mağazasından pul seyfi aparan dəstə ələ keçdi

30 Oktyabr 2014 11:39
Bakıda basqın yolu ilə içərisi pulla dolu seyfi aparan dəstə ələ keçdi. Dəstənin üzləri olan Yevlax rayon sakinləri - Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov aprelin 30-da Z.Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən mebel mağazasına soxulublar. Onlar gözətçini aldadaraq içəri giriblər, sonra isə onun əlini və ağzını skotçla bağlayıblar. Gözətçini "zərərsizləşdirən" dəstə mağaza müdirinin iş otağının qapısını sındıraraq, oradan içərisində 20000 manat olan seyfi, kompüteri götürüblər. İşlərini bitirəndən sonra iz buraxmamaq üçün salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürüb "Mersedes" markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.

Bir neçə ay aparılan axtarış tədbirləri sonda nəticə verib. Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəstənin 3 üzvü həbs edilib.

Nərimanov Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Anar Məmmədov
Milli.Az