Artan kirayə qiymətləri
30 Oktyabr 2014 12:44
Rayonlardan Bakıya təhsil almağa gələn tələbələr, eləcə də əksər gənc ailələr daha yaxşı bilirlər ki, paytaxtda evlərin kirayə qiymətləri yüksəkdir. Bunu statistik rəqəmlər də sübut edir. Maraqlısı budur ki, ildən-ilə qiymətlər artır... Bəs görəsən, bunun qarşısını necə almaq olar?
Azərbaycanda kirayə evə olan tələbat əsasən Bakıdadır. Evlərdə kirayəçi kimi digər rayon və şəhərlərdən köçənlərlə yanaşı, əsasən tələbələr və əcnəbilər qalır. Müşahidələr göstərir ki, kirayə evlərə tələb stabil olsa da qiymətlər artır.
Bir çox ölkədə kirayə qiymətlərinin yüksəlməsinin qarşısı müxtəlif modellərlə alınır. İsveçrə təcrübəsinə görə mənzili kirayə götürən şəxs qanunvericilik əsasında ondan əvvəl burada kirayədə yaşamış şəxsin nə qədər vəsait ödədiyini öyrənə bilir. Mütəxəssislər hesab edir ki, bu təcrübənin ölkəmizdə effekt vernməsi ehtimalı azdır.
Geniş yayılmış ikinci model isə ABŞ-da tətbiq edilən qiymət tavanı modelidir. Bu modeldə dövlət mənzilin harada yerləşməsindən asılı olaraq kirayə qiymətlərinin maksimum məbləğini müəyyənləşdirir və bu haqda ictimaiyyətə məlumat verilir. Bu halda evini kirayə verən şəxs qiyməti göstərilən maksimum məbləğdən artıq qaldıra bilməz.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanov hesab edir ki, ölkəmiz üçün ən ideal variant Mənzil Məcəlləsində göstərilən sosial evlərin inşasıdır. Bu o deməkdir ki, dövlət evlər tikərək ucuz qiymətə kirayə verir. Ucuz kirayədən isə gəliri az olan ailələr istifadə edə bilir.
SİA