Vaqif Səmədoğlunun Nüşabəsi: "Ölümlə də zarafat edir"

30 Oktyabr 2014 11:52
Uzun müddətdir ki, səhhətindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlunun tədbirlərin birində etdiyi çıxışı az qala bütün xəbər portalları və qəzetlər "Hamınızı yasıma dəvət eləyirəm" başlığı altında yayımladı.

Təsirli çıxış ölkə mətbuatında rezonansa səbəb olub. Yazıda təsiri artıran məqamlardan biri də şairin həyat yoldaşı Nüşabə xanım barəsində söylədiyi fikirlər idi.

Milli.Az xəbər verir ki, modern.az saytı uzun müddətdir ki, mədə xərçəngindən əziyyət çəkən şairə yorulmadan qulluq edən Nüşabə xanımdan həmin yazı barəsində fikirlərini öyrənib.

V.Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova modern.az saytına ərinin qəmgin çıxışı baradə bunları danışıb:

"Bu çıxış bir ay əvvəl Vaqif Səmədoğlunun Amerikadakı kitabının prezentasiyasında edilib. Vaqif müəllim yumorlu insandır. O, hər şeyə zarafatla baxır. Ölümlə də zarafat edir. Həyata da yarıciddi, yarızarafla yanaşır".

V.Səmədoğlunun bu sözlərinin ona necə təsir etdiyini soruşanda isə Nüşabə xanım "biz onun bu xəstəliyilə ilyarımdır mübarizə aparırıq", - deyə cavab verib.

V.Səmədoğlunun indiki vəziyyətindən danışan Nüşabə xanım hazırda xəstəxanada olduqlarını bildirib. "İndi oturmuşuq burada. Bir azdan evə gedəcəyik. Vaqif Səmədoğlunun çox yaxşı, gözəl həkimi var".

Qeyd edək ki, xalq şairi rezonans doğuran yazısında həyat yoldaşına bu sözləri ünvanlamışdı: "O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm, orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm.

Mən bilmirəm, ölüm yaxındır, ya uzaq, mən bilmirəm, ölüm istidir, ya sazaq. Bircə onu bilirəm ki, mən ölsəm, Nüşabə yazıq olacaq..."

Milli.Az