Bakı 2015 Avropa Oyunları güləş idman növü üzrə nümayiş keçirib - FOTO

30 Oktyabr 2014 11:12

Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının altı nəfər üzvünün iştirakı ilə güləş idman növünün nümayişi keçirilmişdir.
 

Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, güclü idmançılar bir sıra yoldaşlıq oyunlarında işçi heyətinin 500 nəfərdən çox üzvü qarşısında öz bacarıqlarını və texniki fəndlərini nümayiş etdirmişlər.
 

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: "Gərgin iş qrafiki ilə vaxt ayırıb bacarıqlarını bizim əməkdaşlarımıza nümayiş etdirdikləri üçün Azərbaycan Güləş Federasiyasına minnətdarlığımızı bildiririk.
 

Güləş gələn il keçiriləcək İlk Avropa Oyunlarında çox populyar idman yarışı olacaqdır. Belə ki, Azərbaycanın bir sıra gənc idmançılarının ofisimizə gəlməsi bizim üçün şərəf oldu".

Azərbaycan Güləş Federasiyasının baş katibi və güləş nümayişinin izahında köməklik göstərmiş Əjdər Cəfərov da tədbir iştirakçılarının arasında idi.
 

Cəfərov demişdir: "Gənc idmançılarımız Bakı 2015 komandasının üzvlərinə öz istedadlarını nümayiş etdirmək imkanı əldə etdilər.

Biz gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarında öz ölkəmizi təmsil etməyi böyük səbirsizliklə gözləyir və Oyunlar başlayanda bütün Azərbaycanın qürur hissi duyacağına ümid edirik".
 

Kişilər üzrə Sabutay Amışov və Fizuli Hüseynov (sərbəst güləş), İsmayıl Məmmədov və Pərvin Abdullayev (Yunan-Roma güləşi), qadınlardan isə Sahilə Ocaqverdiyeva və Adelina Mirzəyeva güləş idmanı nümayişində iştirak etmiş yeniyetmə güləşçilər idi.
 

Gələn il baş tutacaq Avropa Oyunlarında güləş idmanı üzrə yarışlar altı gün müddətində Heydər Əliyev adına Arenada keçiriləcək və orada təxminən 480 idmançı 24 qızıl medal uğrunda mübarizə aparacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.