Bəxtiyar Aslanbəyli: "Mühüm enerji infrastrukturlarının kiber müdafiəsinə xüsusi diqqət yetirilməlidir"

30 Oktyabr 2014 14:35
Bu gün Kiyevdə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı (The NATO Science for Peace and Security Programme) çərçivəsində "Mühüm infrastrukturların kiber müdafiəsi" mövzusunda beynəlxalq seminar öz işinə başlayır. Seminarda NATO-nun üzv və tərəfdaş ölkələrindən gəlmiş mütəxəssislər, araşdırma mərkəzlərinin nümayəndələri müasir dünyada kiber təhlükəsizlik təhdidlərinin təbiəti, bu təhdidlərin neytrallaşdırılması üçün milli və beynəlxalq strategiyaların əhəmiyyəti, beynəlxalq normaların formalaşması məsələlərini müzakirə edəcəklər.

Trend xəbər verir ki, seminarda ölkəmizi təmsil edən Bakı Dövlət Universitetinin müəllimi, təhlükəsizlik və enerji məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli "Mühüm enerji infrastrukturlarının mühafizəsinin kiber təhlükəsizlik aspektləri" mövzusunda çıxış edib. B.Aslanbəyli mühüm enerji infrastrukturlarının kiber təhlükəsizlik məsələlərinə yetərincə diqqət ayrılmasının əhəmiyyətini vurğulayıb. Enerji təminatı məsələlərində qarşılıqlı asılılığın artdığını, enerji layihə və infrastrukturlarının getdikcə daha çox beynəlxalq xarakter daşıdığını xatırladan ekspert ənənəvi təhlükəsizlik tədbirləri ilə yanaşı, kiber müdafiə tədbirlərinə və bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi diqqət ayırmağın vaxtı çatdığını bildirib. Milli səviyyələrdə təhlükəsiz və təminatlı kiber mühitin təmin olunması bu sahədə tərəfdaş və müttəfiq dövlətlərin birgə sayını və beynəlxalq əməkdaşlığı zəruri edir.

B.Aslanbəyli daha sonra dövlətlərin milli strategiyalarında enerji təminatının əhəmiyyətindən, beynəlxalq münasibətlərdə enerji amilinin artan rolundan danışaraq mühüm enerji infrastrukturlarını dövlətlərin təhlükəsizlik sistemlərində həssas məqam kimi qiymətləndirib. Bu infrastrukturları hədəf ala biləcək kiber hücumların mümkün özəlliklərinə, mövcud presedentlərə diqqət çəkən ekspert dövlətlərin bu sahədə ata biləcəyi mümkün təhlükəsizlik addımları barədə öz fikirlərini seminar iştirakçıları ilə bölüşüb.

Beynəlxalq seminar sabah da işini davam etdirəcək. Mütəxəssislərin məruzə və diskussiyalarının nəticəsi olaraq mühüm infrastrukturların kiber müdafiəsinin gücləndirilməsi üçün təklif və tövsiyələr hazırlanacaq.

Milli.Az