Ötən il Rusiyada qətldə suçlanaraq həbs edilən soydaşımız Orxan Zeynalov tutulanda onun iş otağına gətirilməsini əmr etmiş nazir işindən kənarlaşır.
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin öz ərizəsi ilə işdən çıxdığı vurğulanır.
Milli.Az "Dojd" telekanalına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin DİN başçısının istefa ərizəsini bu həftənin sonunadək imzalayacaq.
Daxili işlər naziri səlahiyyətlərini isə V.Kolokoltsevin birinci müavini, Daxili Qoşunların komandanı, əvvəllər Rusiya prezidentinin mühafizə xidmətinin rəhbəri olmuş Viktor Zolotov icra edəcək.
İndiyədək mediadan uzaq duran və jurnalistlərin heç bir sualını cavablamayan Viktor Zolotov ötən həftə qəflətən "buzu sındırmış", "Rossiya-1" telekanalındakı "Vesti. Dejurnaya çast" proqramına geniş müsahibə vermiş, Sibirə təftiş səfərindən bəhs etmişdi.
V.Kolokoltsev Moskvanın Biryulyovo səmtində qadını qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalov yaxalanandan sonra soydaşımızı iş kabinetinə apartdırmış, orada qarşısında diz çökdürtmüşdü. Bu anların əks olunduğu video dövlət telekanallarında yayılandan sonra Rusiya ictimaiyyəti tərəfindən qəzəblə qarşılanmışdı.
Milli.Az