Soltanovlar ailəsi, demək olar ki, hər gün dava-dalaş iştirakçısı olur
Bakının Yasamal rayonu, 2-ci Alatava yaşayış massivi, ev 74 ünvanında yaşayan Soltanovlar ailəsi, demək olar ki, hər gün dava-dalaş iştirakçısı olur.
ANS TV-nin məlumatına görə, bunu ailənin kiçik oğlu Vidadi Soltanov deyir. Onun sözlərinə görə, yaşadıqları ev atasından onlara miras qalıb. 40 ildir ki, üç qardaş və 81 yaşlı ana bu mülkdə yaşayırlar. Qardaşlar ailə həyatı qurmağa başlayıblar. Evin böyük oğlu Xırdalanda atasından qalan digər ata mülkündə yaşayır. Ancaq Bilal adlı qardaş nə az, nə çox - üç dəfə ailə həyatı qurub. Sonuncu həyat yoldaşı isə ailəyə naxələf çıxıb. Onlara gün verib, işıq verməyib. Məhz buna görə də Bilal Soltanov həyat yoldaşı Nazilə Soltanovadan ayrılıb. Bilal evin bir otağını Naziləyə verib. Bundan sonra da vəziyyət dəyişməyib. Vidadi Soltanov deyr ki, vaxtaşırı evə gələn Nazilə onun ailəsiylə dava-dalaş yaradır, onları təhqir edir. Hətta yaşlı anasına da bir dəfə əl qaldırıb. İndi qardaşın tək bilmək istədiyi Nazilə xanımın evdə qeydiyyatı olmadan necə mənzil tələb etməsidir. Onun sözlərinə görə, bu işdə 138 saylı MİS-in əli var. Onlar Naziləni bu evə qeydiyyata saxta yollarla salıblar.
"İşıq pulunu vaxtında ödəmədiyi üçün işıq idarəsindən gələnlər işığı kəsdilər. Evə gələndə işığın kəsildiyini görəndən sonra başladı bizi təhqir etməyə. Artıq biz ortada qalmışıq. Bilmək istəyirik ki, bizim xəbərimiz olmadan bunu kim qeydiyyata salıb", - deyə şikayətçi Vidadi Soltanov bildirir.
Müsahibim onu da deyr ki, bütün bu olanlar üzündən qardaşı Bilal küçələrdə və parklarda yaşamalı olub. Amma Nazilə otağı istifadəsiz qoyub. Aylardır evə gəlmir. Deyilənləri dəqiqləşdirmək üçün biz Bilal Soltanovla telefon əlaqəsi saxladıq. O, necə deyərlər, halından məmnun görünürdü. O, qardaşı Vidadini günahlandırdı.
"Hazırda maşının içində yatıram, qardaşım Vidadi yuxarı evi kirayə verib. Qardaş kirayə verdiyi evin birini mənə verib deyərdi ki, yat, qal burada".
Daha sonra adıçəkilən Nazilə xanımla telefon əlaqəsi saxladıq. O dedi ki, qaynı Vidadi elektrik xəttini bilərəkdən qırıb. Buna görə də o, bacısıgildə yaşayır. Evdə qeydiyyata düşməsinə isə sabiq həyat yoldaşı Bilal Soltanov razılıq verib.
Bilalın həyat yoldaşı Nazilə Soltanovanın sözlərinə görə, iki qardaş birləşib onu pis günə qoyublar.
Bəhs edilən problemdə adıçəkilən qurumda, yəni 138 saylı mənzil kommunal istismar sahəsində olduq. Qurumun mühəndisi bildirdi ki, o, özü də həmin ünvanda olub. Sözügedən evdə 8 nəfər qeydiyyatdadır. 2012-ci ildə Nazilə və onun 10 yaşlı oğlu İsmayıl da həmin evə qeydiyyata salınıblar. Ancaq bu qeydiyyat işi mənzil istismar sahəsində deyil, Yasamal Rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsində həyata keçirilib. Bu da Bilal Soltanovun birbaşa razılığı əsasında baş tutub.