Azərbaycanın orta məktəblərində psixoloqlarla bağlı vəziyyət çox gülməlidir
Oktyabr ayı həm də 8-ci sinif şagirdinin özündən 39 yaş böyük birisini öldürməklə yadda qaldı.
ANS TV-nin məlumatına görə, Xızı rayonu, Xələc kənd orta məktəbinin şagirdi Elnur Heybətov onu söydüyü üçün həmkəndlisi Xasməməd Rəsulovu öldürdü. Çox maraqlıdır ki, məktəbli ilə onun qurbanı arasında mübahisəyə məktəbin müəllimləri də şahidlik ediblər. Amma qarşısını ala bilməyiblər. Deməli, oxşar hadisə hər bir məktəbdə, hər bir məktəbli ilə də baş verə bilər. Bəs məktəblinin aqressiyasının qarşısını almaq üçün məktəblər hansı iş görür? Ümumiyətlə məktəblərdə psixoloji xidmət nə yerdədir?
Bu gün inkişaf etmiş ökələrdə hər 500 şagirdə 1 psixoloq düşür. Amma elə ölkələr də var ki, tutaq ki, Finlandiya kimi, orada hətta 100 şagirdlə 1 psixoloq işləyir. Azərbaycanın orta məktəblərində isə vəziyyət çox gülməlidir. Məsələn, 20 nömrəli məktəb-liseyin 2500 nəfərdən ibarət kollektivinin cəmi bir psixoloqu var. O da 167 manat maaş alır. İndi siz deyin, hansı keyfiyyətli psixoloji xidmətdən söhbət gedə bilər? Bu sualı Tünzalə xanıma - 20 nömrəli məktəbin psixoloquna verəndə maraqlı bir cavab eşitdim. O deyir ki, psixoloqun işi 2500 şagirdlə bitmir ki? O qədər də valideyn, üstəgəl məktəbin müəllim kollektivi ilə də psixoloq iş aparmalıdır ki, Azərbaycanın təhsil sistemi heç on il sonra da buna hazır görünmür. Səbəb, əlbəttə ki, kadr təminatı ilə bağlıdır və bu haqda az sonra danışacam. Amma əvvəlcə psixoloji xidmət nədir və məktəblərdə niyə bu vacib sayılır sualına cavab tapaq.
Tünzalə Verdiyevanın sözlərinə görə, uşaq öz maraqlarını, əgər anası ilə qız rəfiqə deyilsə, ata ilə oğul dost deyilsə, yaxud da müəllim şagird münasibətləri qaydasında deyilsə, o öz suallarının cavabını virtual aləmdə axtarır və tapır: "Orada da çoxlu məkirli insanlar var. Yeniyetmələrə mənfi təsir göstərirlər. Müxtəlif aqresivliyi təbliğ edən kompüter oyunlar var. Eyni zamanda uşaqlar müxtəlif sosial şəbəkələrin təsiri altına düşür".
Bu məsələnin təkcə bir tərəfidir. Uşaqların psixoloji durumuna təsir edən çoxlu bu cür səbəblər var. Məsələn, ailələrdə valideynlərin münasibətindən tutmuş dərs yükünün ağırlığına kimi bir çox məsələlər məktəblilərdə ruhi sarsıntılara səbəb ola bilər. Bu da əlbəttə ki, sonda adamöldürmə, özünəqəsd və s. bu kimi ağır nəticələrə gətirib çıxarar. Məsələn, ötən ilin statistikasına görə, Azərbaycanda 71 uşaq intihar edib. Deməli, bu həm də 71 ailənin və 71 məktəbin rolunun zəifliyini gündəmə gətirir. Ailə psixoloqları bu gün Azərbaycan reallığında aktual görünmür. İnsanların çoxunun maddi və mənəvi imkanları buna çatmır. Ona görə də əsas diqqəti yenə məktəblərdən gözləyirik ki, o da belə. Bu gün orta məktəblərdə şagird sayından asılı olmayaraq cəmi bir psixoloq ştatı olur. Bu say Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə görə müəyyənləşdirilir. Mütəxəssislər isə düşünür ki, say da artmalıdır, keyfiyyət də. Məsələn, təhsil üzrə ekspert Əjdər Ağayev deyir ki, əksər məktəblərdə psixlolqor sadəcə ştat tuturlar, onlar hər hansı psixoloji eksperimentlər keçirmir, eləcə işə gəlib-gedirlər. Yeri gəlmişkən, bu gün psixoloq hazırlayan ali təhsil müəssisəsi Bakı Dövlət Universitetidir ki, oranı bitirən məzunlar da maaşa görə məktəbləri seçmir, xüsusilə nazirliklərdə iş tapırlar. Əlbəttə ki, Tünzalə xanım kimi fədakar psixoloqları çıxmaq şərtilə.