Mühəndis molla, müğənni və stadion diktoru, rəqs eləyən mən

30 Oktyabr 2014 01:40
Otuz ilə yaxındır Tofiq Bəhramov adına stadionda diktorluq edən Ramiz Qafarov müğənniliyə başlayıb. Adam artıq "Toy axşamı" adlı albom da buraxıb. Albomda "Qaynana" "Qayınata" "Subay" "Nənəm" kimi mahnılar yer alıb. Mən bu hadisəyə konkret olaraq "balaları dolandırmaq" prizmasından yanaşdığım üçün diktorun addımını lağlağı ilə şərh etmək fikrində deyiləm. Sadəcə olaraq, bu hadisə mənim yadıma buna bənzəyən başqa bir hadisəni saldı və bəzi qənaətlərimi gücləndirdi.

Rayonda bir mühəndis qohumumuz var idi. Ölkəmiz müstəqillik qazanandan sonra işsiz qaldığı üçün iki ay Quran kursuna getib, mollalıq eləməyə başlamışdı. İnsafən bu yolla mühəndis işlədiyindən xeyli çox qazanırdı. Yaxşı ev-eşik düzəltmişdi, maşın almışdı...

Bir gün eşitdim ki, mühəndis-molla qohumum Qafqaz Müsəlmanları İdarəsinin attestasiyasından keçə bilməyib. Adam azca götür-qoy edəndən sonra başlayıb tamadalıq eləməyə. Heç bir kompleks keçirmədən. Camaatımız onsuz lağa qoymağa adam axtarır. Başlayıblar bunun aparıcılıq elədiyi toyları lağa qoymağa ki, guya arada çaşıb salavat-zad çevirir. Amma mən belə boş-boş şeylərə fikir vermirəm. Ona qalsa, elə populyar tamada var ki, toyda "Ana qəbri" şerini deyib, camaatı zır-zır ağladır.

Dediyim kimi, mən belə şeylərə indiki zəmanədə adi yanaşıram. Nədən ki, zəmanə çətin, camaatımız isə istedadlıdır. İstedadlıyıq, bəli. Yalan olmasın hər iki nəfərdən birinin ya səsi var, ya şer yazmağı, ya da nə bilim başqa bir istedadı. Elə biri mən özüm, yaxşı avazım var, gözəl şer deyə bilirəm... Hərdən belə xoşbəxt anlar olur da, bir neçə intellektual adam bir məclisə düşür. Elə ki, söhbət hərlənib hansısa şairin üstünə gəldi, məni saxlamaq olmur. Şeri həm əzbər deyirəm, həm də açmasını verirəm. Əsas da Füzulinin qəzəllərinin. Onların açmasını hərda əlimə keçsə, oxuyub, yadımda saxlamışam vaxtilə. İndi bala-bala xərcləyirəm.

Yadımdadır, bir məclisdə rusdilli bir xanım Puşkindən bir misra dedi. Baa, eyib söhbətdi ki, bəndəniz bütün şeri əzbər oxudu. Sonra hələ iki şer də əlavə olaraq deyib, məclisdəkiləri feyziyab elədim.

Təvazökarlıqdan kənar çıxmasın, doğrudan, istedadlıyam mən. 3-cü sinifdə oxuyanda rəsm müsabiqəsində 2-ci yer tutmuşam. Diplomum hələ də dururdu. Bacım qoşulub qaçanda atam elə bilib diplom onunkudur, "elə mən bilirdim ki, bu qızın axırı belə olacaq" deyib, çırıb, atıb zibil qabına.

Nə isə... sözüm onda deyil. İstedadlı olmağımızdan danışırdım. Sizin də başınıza gəlmiş olar. Ev təmir elətdirəndə tapdığımız ustaların onundan yalnız biri özü işini mükkəmməl bilən birisi çıxır. Dərzi, bərbər, elektrik məsələsində də eləcə. Amma bununla belə mən həmin peşəyə məcburiyyətdən üz tutan insanlara böyük hörmət bəsləyirəm. İstənilən halda onlar nisbətən zəhmətli işdən yapışırlar. Yavaş-yavaş bizim başımızda "dəlləkliyi" öyrənəcələr, olacaq yaxşı.

Bizim istedadlı olmağımız barədə Avropada olmuş bir rus həsədlə danışırdı ki, sizinkilər orada bəd ayaqda aşpazlıq edib, pul qazanırlar. Yəni heç nə əlindən gəlməyənimizin də əlindən bir şey gəlir.

...İşin bircə pis tərəfi var. Bu basabasda sənətinin vurğunu olan, onun incəliklərinə yiyələnmək üçün hər cür zəhmətə qatlaşan və nəhayət, yaradılışdan həmin peşənin bilicisi olan binəvalar lazımi qiymətlərini ala bilmirlər. Bununla bağlı bir rəqs müəlliməsinin sözləri tez-tez yadıma düşür. Təsadüfən tanış olduğum müəllimə şikayət edirdi ki, Azərbaycanda kimin yanında rəqs müəlliməsi olduğunu desə, dərhal həmin adam belə deyir: "Doğurdan? Mən də qəşəng rəqs edirəm!!!" Düzü, müəllimə ilə söhbətdə mən də ağzımı doldurmuşdum yaxşı rəqs etdiyimi deyəm, yaxşı ki bir az səbr elədim...

...Amma mən, doğrudan, yaxşı rəqs eləyirəm. İnanmırsınız, məni tanıyanlardan soruşun...

Qızılgül

Milli.Az