Tovuzda bankomat çatışmazlığı
29 Oktyabr 2014 16:46
Tovuz rayonunun ucqar kəndlərində bankomatların olmaması sakinləri narahat edir. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon mərkəzində bu qurğunun azlığı növbələrə səbəb olur. Kəndlərdən gələnlər isə ya növbə gözləyə bilmir, ya da bankomatda pul tapmırlar.
Tovuzun Alakol kəndi rayon mərkəzindən 25 km uzaqlıqda yerləşir. Burada min nəfərdən çox təqəüdçü, sosial müavinət alan sakin var. Bankomatdan pul almaq üçün bu qədər yolu qət edib rayona gələn vətəndaşlara bu, heç də asan başa gəlmir. Sakinlər bildirirlər ki, rayon mərkəzinə taksi ilə getmək məcburiyyətində qalırlar, bundan başqa təqaüdçülərin əksəriyyəti əlillərdir.
Mövcud problemlə əlaqədar 200 nəfərdən çox Alakol kənd sakini müvafiq qurumlara müraciət edib. Qarşıdan qarlı qış günlərinin gəldiyini düşünən sakinlər məsələnin tez bir zamanda həll edilməsinə ümidlidirlər.
Milli.Az