Bakıda polisi aldadan şəxsə AĞIR CƏZA

29 Oktyabr 2014 16:50

Hüquq-mühafizə orqanlarına yalan məlumat verən şəxsə 5 il həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubuna partlayıcı qurğu qoyulması barədə hüquq-mühafizə orqanlarına yalan məlumat verən Ziya Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ziya Səfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyulun 1-də, saat 23.00 radələrində naməlum şəxs taksafondan Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə zəng edərək paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən "Plaza" gecə klubunda partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib. Dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.

Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı verən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulub.

Milli.Az