Netanyahuya "qorxaq" dedilər

29 Oktyabr 2014 15:54
ABŞ Prezidenti Barak Obama administrasiyasının yüksək vəzifəli məmuru İsrailin Baş naziri Benyamin Netanyahunu "qorxaq" adlandırıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məmur Netanyahunun İsrail-Fələstin münaqişəsinin dinc yolla nizamlanmasına yanaşmasını və onun İranın nüvə proqramı ilə bağlı mövqeyini belə səciyyələndirib.

Anonimliyinin qorunub saxlanmasını istəyən yüksək vəzifəli məmur "Atlantic" jurnalına müsahibəsində deyib: "Əsas məsələ ondadır ki, Netanyahu, sadəcə, qorxaqdır".

O qeyd edib ki, B.Netanyahunun müsbət tərəfi ondan ibarətdir ki, "o, müharibəyə başlamağa qorxur", mənfi tərəfi isə odur ki, "o, fələstinlilərlə münaqişənin həlli üçün heç nə etmir".

Nəşr yazır ki, məmurun bəyanatı Vaşinqtonla Təl-Əviv arasındakı münasibətlərdə gərginliyin artmasından xəbər verir.

İsrail regionda ABŞ-ın müttəfiqi olsa da, son vaxtlar Vaşinqtonla Təl-Əviv arasında bəzi məsələlərdə fikir ayrılıqları mövcuddur. Belə ki, bu yaxınlarda Ağ Ev İordan çayının Qərb sahilində və Şərqi Qüdsdəki işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması planlarına görə İsraili yenə tənqid edib.

Milli.Az