"Bu, bizim üçün önəmli bir uğurdur"

29 Oktyabr 2014 15:34

"İlk növbədə, hər birimizi və böyük əzmkarlıq nümayiş etdirən futbolçuları təbrik edirəm. Onlar son iki oyunda biri-birilərinə dəstək olaraq əsl komanda olduqlarını sübut etdilər. Millimiz hər iki görüşdə hesabda geridə olsa da, sonradan oyunda dönüş yarada bildi. İsveçrə ilə matçda 3 xal, Bosniya və Herseqovina ilə görüşdə 1 xal qazandı".
 

Milli.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatında millimizin Bosniya və Herseqoniya qarşı matçından (1:1, pen-3:4) sonra deyib.
 

O, millimizin növbəti mərhələyə yüksəlməsini önəmli uğur hesab edib:

"4 illik fasilədən sonra komandamız yenidən elit-raunda vəsiqə qazandı. Təbii ki, bu da sevindirici haldır. Bildiyiniz kimi, komandamız 4-5 il əvvəl elit-raunda vəsiqə qazanmışdı. Uzun müddətdən sonra komandamız elit mərhələdə oynayacaq. Bütün komandanı və azarkeşləri təbrik edirəm. Ümid edirəm ki, komandamız elit-raundda da gözəl oyun nümayiş etdirəcək".
 

Qeyd edək ki, E.Məmmədov sözügedən oyunu stadiondan izləyib.

Milli.Az