Günəşdə güclü partlayış: təsirini sabah hiss edəcəyik

29 Oktyabr 2014 15:30

Son günlər Günəşdə güclü partlayışlar qeydə alınıb

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, oktyabrın 25-27-də Günəşdə 4 güclü partlayış baş verib. Oktyabrın 25-də baş verən partlayış ötən gün yerdə maqnit qasırğasına səbəb olub. Sonrakı 2 gündə baş verən partlayışlarda isə alışma güclü olsa da, atılma yerə istiqamətlənmədiyindən təsiri zəifdir: "Oktyabrın 25-də iki alışma qeydə alınıb. Ən güclü alışma X 3,1 balında olub və gecə saat 01:07-də başlayaraq saat 01:41-də qurtarıb. Bu qasırğa oktyabrın 28-də Yerdə maqnit qasırğası yaradıb. Oktyabrın 25-də növbəti partlayış baş verib. Axşam 20:55-də başlayıb 21:08-də başa çatan partlayışın gücü isə 1 bal olub. Oktyabrın 26-da X 2 bal gücündə olan növbəti partlayış baş verib ki, o da 14:04-də başlayıb, 14:46-da başa çatıb".

N.Cəlilov qeyd edib ki, bu Günəş partlayışlarının hamısı güclü olsa da, yerə tərəf atılmalar zəif olduğuna görə güclü qasırğaya səbəb olmayıb.

Onun sözlərinə görə, Günəşdə növbəti partlayış oktyabrın 27-də baş verib. X 2 bal gücündə olan partlayış saat 18:02-də başlayıb, saat 18:47-də qurtarıb: "Oktyabrın 27-də baş vermiş partlayışın hansısa təsiri olsa, sabah hiss olunacaq. Amma ehtimal azdır. Çünki disk dönüb və partlayışın istiqaməti Yerə yox, başqa tərəfədir".

Milli.Az