Sloveniyanın Milli İctimai Radiosu Azərbaycan haqqında bir saatlıq veriliş yayımlayıb

29 Oktyabr 2014 14:48
Sloveniya Milli İctimai Radiosu (Radio SLO 1) "Dünyanı mənimlə gəz" adlı layihəsi çərçivəsində növbəti buraxılışını Azərbaycana həsr edib. İctimai Radionun tanınmış aparıcı jurnalisti Lidija Petkoviçin hazırladığı bir saatlıq verilişdə Azərbaycanın qədim adət-ənənələri, zəngin mədəniyyəti, füsunkar təbiəti, o cümlədən son illər ölkəmizdə həyata keçirilən qlobal sosial, iqtisadi layihələr haqqında dinləyicilərə ətraflı məlumat verilib.

Trend xəbər verir ki, verilişin qonağı olan Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev Azərbaycanla Sloveniya arasındakı dostluq əlaqələrinin inkişaf tarixindən danışaraq, ölkəmizin Avroatlantik məkana inteqrasiya olunması üçün həyata keçirilən məqsədyönlü islahatlardan bəhs edib.

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanla dünya ölkələri arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını bildirən diplomat bu siyasətin Prezident İlham Əliyev tərəfindən də böyük uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı jurnalistin sualını cavablandıran Azər Xudiyev son iki əsrdə ermənilərin Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasəti haqqında radio dinləyicilərinə ətraflı məlumat verib. Diplomat Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin zəbt olunduğunu, 1 milyondan çox insanın hələ də qaçqın kimi münaqişədən əziyyət çəkdiyini bildirib. Ermənistan rəhbərliyinin apardığı dağıdıcılıq siyasətinin tək Azərbaycanda deyil, bütövlükdə bölgədə sülhün və əmin-amanlığın təmin olunmasına əngəl olduğunu vurğulayıb.

Azərbaycanın idman və turizm sektorunun, qədim mədəniyyət abidələrinin, müasir əyləncə mərkəzlərinin təbliğini özündə əks etdirən verilişdə dinləyicilər Azərbaycanın xalq və klassik müsiqi əsərləri ilə tanış olublar. Milli İctimai Radionun internet saytında isə Azərbaycanın zəngin mədəniyyətini və müasir inkişafını özündə əks etdirən foto-informasiya materialları yerləşdirilib.

Milli.Az