Təhsil nazirindən yeni əmr

29 Oktyabr 2014 14:18
Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü dərs ilinin nəticələrinə görə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb. Trend nazirliyin saytına istinadən bildirir ki, əmrə əsasən, müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb.

Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri bir sıra yüksək göstəricilərə malik olmalıdırlar. Bunlar arasında son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması, eyni zamanda məzunlarının yüksək bal toplaması, müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı, respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması, ümumtəhsil məktəbinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması, təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi, bir sıra sorğularda ümumtəhsil məktəbi haqqında müsbət rəylərin irəli sürülməsi kimi şərtlər üstünlük təşkil edir.

Ümumtəhsil məktəblərinə veriləcək mükafatların xərclənməsi istiqamətləri də əvvəlcədən göstərilir. Bu istiqamətlər laboratoriya, kompüter və idman avadanlığının alınması, informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsi, inkişafyönümlü layihə və proqramların hazırlanması, elektron tədris vəsaitlərinin, elmi-metodik ədəbiyyatların alınması, innovativ təhsil proqramlarında iştirak üçün xarici ölkələrə ezamiyyələrin təşkilindən ibarətdir.

"Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək istəyən müəllimlər azı beş il pedaqoji iş stajına malik olmalı, ixtisasartırma kurslarından keçməli, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olmalı, təcrübə mübadiləsi məqsədi ilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməli, ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə dərs deməli, məşğələlər aparmalı, tədris etdiyi ixtisas üzrə şagirdləri ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanmalı, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutmalı və digər keyfiyyətlərə malik olmalıdır.

Milli.Az