Başıbəlalı Abşeron: sanki daş dövründə yaşayırlar - FOTO

29 Oktyabr 2014 14:42
Abşeron rayonunun Digah qəsəbəsindəki Bakıxanov küçəsinin sakinlərini eyni anda bir neçə problem çənginə alıb. Bunlardan biri yolların bərbad vəziyyətdə olmasıdır. Nə asfalt örtüyü var, nə də ki, yolun səthi düzdür. Hər dəfə yağış yağandan sonra yol gölə çevrilir. Digər problem içməli su ilə bağlıdır. Sakinlər aylarla içməli sudan məhrum olurlar. 

Digahlılar təbii qaz və elektrik problemi də yaşayırlar. 

Milli.Az xəbər verir ki, problemlər barədə Digah sakinləri Day.Az saytına yazıblar. 

"Qarşıda bizi soyuq qış gözləyir və bu bizi çox narahat edir. Küçədə çoxuşaqlı ailələr məskunlaşıblar", - məktubda qeyd olunub. 

Məsələyə münasibət öyrənmək üçün saytın əməkdaşı Digah bələdiyyəsi ilə əlaqə saxlayıb. Sədr Vüqar Ələkbərov bildirib ki,  hazırda qəsəbədə su və kanalizasiya xətləri quraşdırılır. Bakıxanov küçəsində su təchizatı qismən düzəldilsə də tam həll olunmayıb. Bütün bu işlər başa çatdıqdan sonra isə küçə asfaltlanacaq. 

V.Ələkbərovun sözlərinə görə, içməli su qəsəbədə təyin olunmuş qrafikə uyğun olaraq həftədə üç dəfə bütün gün ərzində verilir. 

"Qaz məsələsinə gəlincə, qış rejiminə keçidlə əlaqədar, sakinlərin təhlükəsizliyi ilə əlaqədar qazın təzyiqi azaldılır. Elektrik problemi isə bir neçə gün əvvəl əsən güclü küləklə əlaqədardır. Külək elektrik xətlərini qırıb. O səbəbdən işıq yox idi. İndi isə elə bir problem yoxdur", - o əlavə edib. 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.