O bildirib ki, Azərbaycanın hərbi büdcəsinin artırılması və hərbi potensialının gücləndirilməsi təkcə Ermənistan vətəndaşlarını deyil, həmçinin işğalçı ölkənin siyasi dairələrini də narahat edir: "Bu narahatlıq Ermənistanda keçirilən aksiyalarla, təşkil edilən debatlarla yanaşı, beynəlxalq təşkilatların tədbirlərində də səsləndirilir. Sözsüz ki, nə qədər Azərbaycan torpaqları işğal altında olacaq, Ermənistan özünün işğalçı mövqeyindən əl çəkməyəcək, Azərbaycan da silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üçün mühüm addımlar atacaq. Qarşı tərəf də bunu birmənalı şəkildə qəbul etməlidir. Hər dəfə Azərbaycanın ordu quruculuğunun inkişafı haqqında məlumatlar yayılanda Ermənistan əhalisinin əhəmiyyətli hissəsi, xüsusən də gənclər ölkənin sərhədlərini tərk edib başqa ölkələrdə yaşamağa üstünlük verirlər. Bu da Ermənistanda demoqrafik vəziyyətin həyəcan doğuracaq səviyyəsinin statistik göstəricilərdə belə qeyd olunmasına gətirib çıxarır. Artıq başa düşməlidirlər ki, işğala son qoyulmayanadək Ermənistanın başı üzərindən bu qorxu çəkilməyəcək".