"Mən vətənimi qoyub, başqa ölkə vətəndaşı ilə ailə qurmaram"
Son illər mütəmadi olaraq müğənnilərin, aparıcıların, şou əhlinin xarici ölkə vətəndaşları ilə ailə qurması hallarına rast gəlirik.
ATV-də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının tanınmış türkiyəli müğənni Doğuşla ailə qurması bununla bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bu siyahının Xoşqədəm Hidayətqızı ilə bitmədiyi, daha neçə-neçə müğənni və aparıcının türk vətəndaşı ilə nikaha girəcəyi ilə bağlı informasiyalar yayılır.
Saytımıza daxil olan məlumat da bu xüsusda diqqətdən yayına bilməz. Portalımızı bilgiləndirən mənbə yaxın günlərdə Azərbaycan Respublikasının xalq artisti Nazpəri Dostəliyevanın da Türkiyə vətəndaşına ərə getməyə hazırlaşdığını iddia edir. Qeyd olunur ki, məhərrəmlik ayından sonra bu izdivac ictimaiyyətə elan olunacaq.
Əməkdaşımız məsələyə münasibət öyrənmək üçün xalq artisti Nazpəri Dostəliyevanın özü ilə söhbətləşib.
Editor.az-a açıqlamasında Nazpəri Dostəliyeva bildirib ki, ailə qurmağa hazırlaşmır: "Əvvəla, mənim ailə qurmaq niyyətim yoxdur. İkincisi də mən öz vətənimi qoyub, heç zaman xarici ölkə vətəndaşı ilə ailə qurmaram".
Xatırladaq ki, müğənni bundan öncə bir dəfə evli olub. Onun keçmiş həyat yoldaşından 2 oğlu var. Milli.Az