Dumanın vitse-spikeri öldü

29 Oktyabr 2014 10:13
Dövlət Duması aparatında palatanın Vahid Rusiya Partiyasından olan vitse-spikeri Lyudmila Şvetsovanın vəfat etməsini təsdiqləyiblər. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat yayıb.

Parlamentin aşağı palatası aparatının nümayəndəsi TASS-a bildirib: "Bəli, bu məlumat təsdiqlənir".

Parlamentari 65 yaşında dünyasını dəyişib.

Lyudmila Şvetsova 1949-cu il sentyabrın 24-də Almatıda anadan olub. O, 1973-cü ildə Xarkov Aviasiya İnstitutunu bitirib. 1997-ci ildə "Qadınların siyasətə inteqrasiyası, 70-90-cı illər" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Dövlət Dumasının vitse-spikeri postunu 2011-ci ilin dekabrından tutub. Şvetsova buna qədər bir çox illər ərzində Moskva hökumətində çalışıb. 2000-ci ildən 2010-cu ilə kimi o, paytaxtın əvvəlki meri Yuri Lujkovun müavini, 2010-2011-ci illərdə isə Sergey Sobyaninin müavini olub. Hər iki merin dövründə o, sosial sahəyə nəzarət edib.

Şvetsova "Fəxri nişan" (1981), Qırmızı Əmək Bayrağı (1986), "Dostluq" (1996), III və IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə " (2008, 2014) ordenləri, III dərəcəli "Knyaginya Olqa" ordeni (Ukrayna, 2002) ilə təltif edilib. 2004-cü ildən RF əməkdar mədəniyyət işçisidir.

Milli.Az