"Bu günə qədər qarşıma çıxan maneələri təkbaşına dəf etmişəm"
Öldüyü zənn edilən aktyoru üzə çıxaran "Adam içində" verilişi indi də onu oğlu ilə barışdırmaq istəyirdi.
ANS TV-nin məlumatına görə, öldüyü zənn edilən, amma "Adam içində" verilişinin araşdırmasından sonra həyatda olduğu üzə çıxan aktyor Fikrət Məmmədovun oğlu dünən verilişə gələrək bir çox məqamlara aydınlıq gətirdi. Hamının səbirsizliklə gözlədiyi an onların barışaraq qucaqlaşması idi. Ancaq təəssüf ki, bu baş tutmadı.
Maqsud 16 il ərzində atasının nə onu, nə də anasını axtarmadığını, ancaq özünü düşündüyünü dedi. Elə bu səbəbdən uşaqlığını belə yaşaya bilməyən gənc artıq 13 yaşından etibarən işləməyə başladığını bildirdi. Bütün bu çətinliklər isə onun həyat yolundan yalnız bir neçə kadrı idi.
Maqsud Hüseynzadə deyir ki, bu günə qədər qarşısına çıxan maneələri dəf edərək irəli gedib: "Kim mənə köməklik edib? Heç kim. Burada baba, dayı lazım deyil. Burada ata olmalıdır. Oğlanın arxasında ata olmalıdır. O atanı isə mən görməmişəm. Nə probleminiz də var idisə - məhkum olunmusuz, o, mənə görə olmayıb. O sizin səhvlərinizə görə olub".
Kimisi Maqsudu qınadı, kimisi də haqlı saydı. Fikrət Məmmədov isə oğlunun sübut olaraq gətirdiyi dəlillərin yalan olduğunu, bütün bu illər ərzində ailəsinin yanında olmaq istədiyini, sadəcə olaraq taleyin onun üzünə heç zaman gülmədiyini dilə gətirdi.
"7 il bundan qabaq gəlmişəm. Bu 7 ildə mən heç cür evə gələ bilmirdim. Onun iki il yarımını mən xəstə anamla oturmuşam. Bunu sən yaxşı bilirsən".
İllər ərzində yaşananlar və həmçinin yaşanılmayanlar ailə üzvləri arasında haqlı soyuqluğa səbəb olub. Milli.Az